Rayonun infrastrukturu
Zəngilan Azərbaycanın ən qədim guşələrindən biridir. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Zəngilan rayonu Azərbaycan Respublikasının dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Münaqişədən əvvəl orada 35 min adam yaşayırdı. Ümumi ərazisi 730 kv.km olan rayonun mərkəzinin və 83 kəndinin işğalı nəticəsində yüzlərlə adam həlak olmuşdur. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Bütün işğaldan azad olunmuş bölgələr kimi Zəngilanda da işğalın, düşmənin barbarlığının izləri hər addımda görünürdü. Burada daş-daş üstdə qalmamışdı, bütün evlər dağılıb, damı, pəncərələri sökülüb, aparılıb, ağacları kəsilib, qəbiristanlıqlar, tarixi abidələr yerlə yeksan edilib, hər yer xarabaya çevrilmişdir.
Zəngilanlılar işğal müddətində heç vaxt ümidlərini itirmədilər. Zəngilan həsrəti ilə yaşayan bu insanlar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının işğaldan azad olunacağı günü düz 27 il gözlədilər. Əmin idilər ki, Zəngilana qayıdacaqlar və o gün gəldi. Çünki Ulu Öndər Heydər Əliyev və onun siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyev zəngilanlılara Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı sözünü vermişdi. Təxminən 30 il sonra o gün gəlib çıxdı, onlar öz torpaqlarına, yenidən şirin həyatlarına qayıtdılar.
44 günlük Vətən müharibəsinin ən yadda qalan günlərindən biri də oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunması oldu. Hazırda Azərbaycan bayrağı Zəngilanda dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”. Xalqımız, eləcə də zəngilanlılar bu tarixi Zəfəri 6 ildir ki çox böyük qürur hissi ilə qeyd edir. Artıq 20 oktyabr Zəngilan şəhər günü elə Zəngilanda da qeyd olunur.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

















