Milli və dini-tarixi abidələr
Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Zəngilan şəhəri ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – ura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir.
Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə əsasən müəyyyən olunmuşdur ki, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Şəhər qalığının ərazisi 9 hektara yaxındır, təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərbdən dağ silsiləsi, şərqdən Həkərə çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Çox təəssüflər olsun ki, sadaladığımız bütün bu abidələr erməni vandalizminə düçar olmuş və vəhşicəsinə yerlə-yeksan edilmişdir.
Erməni qəsbkarları işğal etdikləri Zəngilan rayonunda daşı daş üstə qoymamışlar. Artıq xalqımızın o ağrılı günləri geridə qaldı. Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən uğurlu islahatlar nəticəsində Zəngilan şəhəri digər işğaldan azad olmuş ərazilərimiz kimi günü-gündən çiçəklənir.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

















