Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir.
Azərbaycanın dövlətçilik tarixində elə coğrafi məkanlar var ki, onların əhəmiyyəti xəritədə tutduğu yerlə deyil, milli suverenliyin, təhlükəsizliyin və tarixi ədalətin təmin olunmasındakı rolu ilə ölçülür. Zəngilan da bu baxımdan ölkəmizin strateji əhəmiyyətli bölgələrindən biridir. Azərbaycanın cənub-qərbində yerləşən rayonun 2020-ci ildə işğaldan azad edilməsi yalnız doğma torpaqlarımızın geri qaytarılması deyil, həm də dövlət sərhədimizin bütövlüyünün bərpası demək idi.
1993-cü ildə Zəngilanın işğalı nəticəsində Azərbaycan–İran dövlət sərhədinin mühüm bir hissəsi uzun müddət ölkəmizin nəzarətindən kənarda qalmışdı. Bu vəziyyət dövlət sərhədinin mühafizəsi, bölgənin təhlükəsizliyi və sərhədyanı ərazilərin inkişafı baxımından ciddi çətinliklər yaradırdı. Zəngilan torpağında Azərbaycan bayrağının yenidən dalğalanması ilə bu tarixi ədalətsizliyə son qoyuldu, dövlətimizin suveren hüquqlarının bərpası istiqamətində mühüm nəticə əldə edildi.
2020-ci ilin payızında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Zəngilan istiqamətində apardığı uğurlu əməliyyatlar bölgənin hərbi-strateji mənzərəsini dəyişdi. Oktyabrın 18-də Xudafərin körpüsü ətrafında Azərbaycan bayrağının ucaldılması, oktyabrın 20-də Zəngilan şəhərinin, sonrakı günlərdə isə Ağbənd qəsəbəsinin azad edilməsi dövlət sərhədimizin tam bərpasına aparan mühüm mərhələlər oldu. Beləliklə, uzun illər işğal altında qalmış ərazilərdə Azərbaycanın dövlət sərhədinə nəzarəti yenidən təmin edildi.
İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu tədbirlər dövlət sərhədinin etibarlı qorunması, sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması və müasir mühafizə infrastrukturunun yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sonrakı mərhələdə Zəngilan ərazisində sərhəd mühafizəsi üçün yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən işlərin konkret nəticələrindən biri oldu
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət sərhədinin bərpası və azad edilmiş ərazilərdə təhlükəsizliyin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Dövlət başçısının sərhəd mühafizəsi infrastrukturunun yaradılması ilə bağlı tapşırıqları və Zəngilana səfərləri zamanı görülən işlərlə şəxsən tanış olması bölgədə təhlükəsizliyin təmin olunmasına və dövlət nəzarətinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin ardıcıllığını nümayiş etdirir.
Bu gün Zəngilanda həyata keçirilən bərpa-quruculuq işləri rayonun strateji əhəmiyyətini daha da artırır. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və sakinlərin doğma torpaqlarına qayıdışı bölgənin iqtisadi və sosial həyatına yeni nəfəs verir. Dövlət sərhədinin təhlükəsizliyi ilə inkişaf proseslərinin paralel aparılması Zəngilanın gələcəkdə mühüm nəqliyyat və iqtisadi əlaqələr məkanına çevrilməsi üçün zəmin yaradır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bu tarixi hadisəni xatırlamaq həm də dövlət suverenliyinin əhəmiyyətini bir daha dərk etmək deməkdir. Zəngilanın azadlığı ilə Azərbaycan təkcə doğma torpaqlarına qovuşmadı, həm də sərhəd bütövlüyünü bərpa edərək gələcək inkişafı üçün yeni imkanlar qazandı. Araz sahilində yenidən bərqərar olan dövlət nəzarəti, möhkəmləndirilən sərhəd infrastrukturu və dirçələn Zəngilan Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və quruculuq iradəsinin mühüm göstəriciləridir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru


















