Ən son xəbərlər:

30.03.2023/11:43/ Goranboyda “Heydər Əliyev İli”nə həsr olunmuş sərgi təşkil olunub

Goranboyda “Heydər Əliyev İli”nə həsr olunmuş sərgi təşkil olunub.

Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olasının 100-cü ildönümü ilə əlaqədar olaraq 2023-cü il Heydər Əliyev İli elan olunub. Bu münasibətlə ölkəmizin müxtəlif bölgələrində Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər keçirilir. Goranboy rayonunda da mütəmadi olaraq müxtəlif mövzulu tədbirlər düzənlənir.

Bu günlərdə Goranboy şəhəri Heydər Əliyev adına parkda nümayiş olunan Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunu və çoxşaxəli dövlət idarəçilik fəaliyyətini əks etdirən rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi də bu məqsədlə təşkil edilib. Goranboy RİH-nin saytında bu barədə məlumat verilib.

Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq keçirilən sərgidə rayon İcra Hakimiyyətinin başçısı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə Mədəniyyət şöbəsinin və Rəsm Qalereyasının əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Sərgi rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.