Ən son xəbərlər:

06.02.2023./04:37/ Türkiyə bir neçə ölkənin konsulluğunun bağlanmasına cavab tədbirləri görəcək

Türkiyə hökuməti İstanbulda konsulluqlarını bağlayan ölkələrlə bağlı qərarlar verəcək.

xeberaz.info-nun məlumatına görə Türkiyənin Nazirlər Kabineti fevralın 6-da Qərb ölkələrinin bir sıra konsulluq və diplomatik nümayəndəliklərinin bağlanmasına cavab tədbirləri hazırlamağı planlaşdırır. Bunu bazar günü, fevralın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Bundan əvvəl bu ölkələrin bütün səfirləri çağrılıb. Onlara xəbərdarlıq edilib ki, ya bu cür hərəkətlərini dayandıracaqlar, ya da bunun cavabı baha olacaq. Ərdoğan əminliklə bildirib ki, Türkiyə Nazirlər Kabinetinin bazar ertəsi, fevralın 6-da keçiriləcək iclasında bütün lazımi qərarlar qəbul ediləcək.

Bundan əvvəl, fevralın 3-də Türkiyə xüsusi xidmət orqanları İstanbulda “İslam Dövləti” (İD) terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən 15 nəfəri saxlayıb. İstintaq zamanı polis saxlanılanların Avropa ölkələrinin nümayəndəliklərinə, həmçinin xristian və ya yəhudi icmalarının ibadət yerlərinə hücumlar planlaşdırdıqlarını müəyyən edə bilməyib.

Əməliyyatdan əvvəl bir sıra Qərb ölkələrinin diplomatik nümayəndəlikləri bağlanıb. Belə ki, fevralın 2-də terror aktları təhlükəsi ilə əlaqədar Kanadanın Ankaradakı səfirliyi və ölkənin İstanbuldakı Baş Konsulluğu müvəqqəti olaraq ictimaiyyət üçün bağlanıb. Həmin gün Fransanın İstanbuldakı Baş Konsulluğu da işləri dayandırıb.

Bundan əlavə, işlərin dayandırılması daha beş ölkənin: İsveç, Hollandiya, Böyük Britaniya, Fransa və Almaniyanın diplomatik nümayəndəlikləri tərəfindən elan edilib. Qərarlar ABŞ-ın Türkiyədəki səfirliyinin yanvarın 30-da Avropada Quranın yandırılması hadisələri fonunda mümkün terror aktları ilə bağlı bəyanatından sonra verilib.

Fevralın 1-də Rusiyanın İstanbuldakı Baş Konsulluğu bildirib ki, şəhərin mərkəzində gözlənilən terror aktı ilə bağlı xəbərlər fonunda o, öz işini adi qaydada davam etdirir.

Xatırladaq ki, ABŞ sadəcə olaraq İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün sövdələşmə fonunda baş verənlərlə bağlı həddindən artıq narahatlığını nümayiş etdirmək istəyir. Yalnız bununla da onların amerikalılara Türkiyədə olmamağa çağırışı olub.