2020-ci il 8 noyabr Zəfərə qovuşduğumuz gün kimi Azərbaycanın şanlı tarixinə yeni səhifə yazıldı
Bu tarixi Zəfərimiz uzun illər ərzində dövlətimizin siyasi nüfuzunun, mükəmməl ordu quruculuğunun və iqtisadi potensialının artırılması istiqamətində aparılan, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin məntiqi nəticəsi idi.
Beləliklə, Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik siyasət 30 illik ədalətsizliyin bərqərar olunmasına, hərbi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə, müqəddəs bayrağımızın Azərbaycanın bütün guşələrində dalğalanmasına yönəlmişdi. Zəfərə doğru addım-addım milli güc arxitekturasını möhkəmləndirən Ali Baş Komandan dünya birliyində Azərbaycanın müstəqil və nüfuzlu dövlət simasını formalaşdırdı. Eyni zamanda, Azərbaycan cəmiyyətini vahid amal ətrafında səfərbər etdi, Silahlı Qüvvələrimizi Vətən müharibəsində qazanılan möhtəşəm qələbələrə hazırladı.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Dövlətimiz dünya siyasi tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini özü, təkbaşına icra etdi, haqqı, ədaləti bərpa etdi. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı dünya azərbaycanlılarına qədim tariximizin son 200 ilində ilk dəfə qazanılmış Zəfəri yaşatdı. Qələbəyə gedən yol Azərbaycan xalqının mütəşəkkilliyini, həmrəyliyini, xalq-iqtidar birliyini daha bariz şəkildə nümayiş etdirdi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri























