20 oktyabr 2020-ci il – Zəngilan rayonu işğaldan azad edilmişdir
Bu gün Zəngilanın işğaldan azad olunmasından 6 il ötür. Həmin gün xüsusilə, zəngilanlıların sevincinin həddi-hüdudu yox idi. 28 ildən sonra onlar öz doğma yurdlarına qovuşurdular. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Artıq 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edilirdi. Bu baxımdan, düz iki il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir.
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın yenidən bərpası oldu. Bu kontekstdə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin Şəhər Günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir.
Zəngilan rayonu işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa, yenidənqurma və Böyük Qayıdış prosesi ilə müasir inkişaf və dirçəliş dövrünü yaşayır. Zəngilan azad edilmiş ərazilərimizdə icra olunan ilk pilot layihənin və Böyük Qayıdışın ilk ünvanıdır. Belə ki, bu gün Zəngilanın Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biri kimi diqqətdədir. İlk “ağıllı kənd” pilot layihəsi bu kənddə həyata keçirildi. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradıldı. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir. Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində su elektrik stansiyası inşa edilmişdir. Əlavə olaraq inzibati binaların üzərində günəş panelləri quraşdırılmışdır. Kənddə yüksək sürətli internet şəbəkəsi mövcuddur. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilib. Burada 200 evdən ibarət gözəl kənd salınıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabr tarixində “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və hazırda rayonda bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərində təməli 2022-ci ildə qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə oldu. Zəngilan şəhəri tarixi Zəfərimizdən sonra Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşan sayca 10-cu şəhərdir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

















