image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

20 oktyabr 2020-ci il – Zəngilan rayonu işğaldan azad edilmişdir

image-legitimaz-810x90

20 oktyabr 2020-ci il – Zəngilan rayonu işğaldan azad edilmişdir.

 

Azərbaycanın müasir tarixində elə günlər var ki, həmin tarixlər xalqın milli yaddaşına qürur, sevinc və tarixi ədalətin təntənəsi kimi həkk olunur. 20 oktyabr 2020-ci il də məhz belə əlamətdar günlərdən biridir. Həmin gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurlar nəticəsində Zəngilan şəhəri işğaldan azad edildi, 27 illik həsrətin sona çatmasına, doğma yurda qayıdış ümidinin gerçəkləşməsinə yol açıldı. Bu tarixi hadisə yalnız Zəngilanın deyil, bütövlükdə Azərbaycan xalqının iradəsinin, birliyinin və torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizənin rəmzinə çevrildi.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonu uzun illər ərzində öz doğma sakinlərindən ayrı düşmüş, şəhər və kəndləri dağıntılara məruz qalmışdı. Məcburi köçkünlük həyatı yaşayan zəngilanlılar doğma yurdlarının həsrəti ilə yaşamış, tarixi torpaqlarına qayıdacaqları günə inamlarını qoruyub saxlamışdılar. Bu inam 2020-ci ilin payızında başlanan Vətən müharibəsi zamanı real zəfərə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Zəngilanın azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyan hadisələrdən biri idi. Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı və döyüş əzmi, xalqımızın ordumuz ətrafında sıx birləşməsi bu qələbənin əsas amillərindən oldu. Hər bir azad edilən yaşayış məntəqəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan mühüm addım idi. Zəngilan səmasında yenidən Azərbaycan bayrağının dalğalanması isə uzun illər yurd həsrəti ilə yaşayan insanların qəlbində böyük sevinc və qürur hissi oyatdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ordunun müasirləşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi Vətən müharibəsində əldə olunan uğurların mühüm amillərindən idi. Dövlət başçısının qələbə xəbərlərini xalqa çatdırması, azad edilmiş ərazilərin gələcək inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində görülən işlər Zəngilanın yeni inkişaf mərhələsinin əsasını qoydu.

Bu gün Zəngilan şəhəri azadlığın, dirçəlişin və gələcəyə inamın rəmzi kimi yenidən qurulur. Rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən salınması və Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma torpaqlarına dönməsi Zəngilanın həyatında yeni mərhələnin başlandığını göstərir. Bir zamanlar yurd həsrəti ilə yaşayan insanların öz doğma torpaqlarında yenidən məskunlaşması tarixi ədalətin bərpasının mühüm nəticəsidir.

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr tarixinin Zəngilan Şəhəri Günü kimi təsis edilməsi bu tarixi qələbənin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün hər il qeyd edilərkən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi bir daha xatırlanır.

20 oktyabr Zəngilan üçün sadəcə təqvim günü deyil. Bu tarix itirilmiş yurdun geri qaytarılmasının, milli qürurun və azad gələcəyə açılan yolun rəmzidir. Zəngilanın azadlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, şəhərin və rayonun yenidən qurulması isə gələcək nəsillərə Vətən sevgisinin, birliyin və mübarizə əzminin canlı nümunəsi olacaqdır.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki