Zirvə görüşü eyni zamanda Ermənistan və onun regional havadarları üçün də ciddi mesaj xarakteri daşıyır
2025-ci ilin 28 mayında – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə – Laçın şəhərində baş tutan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü yalnız diplomatik bir hadisə deyil, regionda formalaşmaqda olan yeni geosiyasi nizamın rəsmi elanıdır.
Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu görüş, üç strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi.
Zirvə görüşünün məkan olaraq məhz Laçında – işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım, Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsidir.
Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Laçın, bu mənada yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir.
Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı artıq ənənəvi dostluq münasibətlərindən çıxaraq, sistemli, qarşılıqlı strateji maraqlara söykənən ittifaq modelinə çevrilir. Bu ittifaqı gücləndirən əsas sütunlar bunlardır:
Mədəni və dini yaxınlıq – ortaq tarix, dil və İslam dəyərləri üzərində formalaşan güclü sosial bağlar.
Hərbi əməkdaşlıq – hər üç ölkə birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı və təhlükəsizlik sahəsində geniş planlar qurur.
Siyasi həmrəylik – Dağlıq Qarabağ və Kəşmir məsələlərində qarşılıqlı dəstək, beynəlxalq tribunalarda ortaq mövqelərlə çıxış.
Yeni nəqliyyat və enerji dəhlizləri – Zəngəzur dəhlizi, Cənub-Qərb nəqliyyat xətləri və enerji resurslarının paylaşımı ilə bağlı ortaq layihələr.
Bu mənada Pakistanın baş naziri Şahbaz Şərifin “Bəxtimiz gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşlarımız var. Siz dağ kimi arxamızda dayanmısınız” deməyi təsadüfi deyil.
Bu üçtərəfli format, tədricən türk-İslam dünyasında yeni bir inteqrasiya modelinin konturlarını yaradır. Bu model Qərb və Şərq blokları arasında alternativ güc mərkəzi kimi irəli çıxır.
Zirvə görüşü eyni zamanda Ermənistan və onun regional havadarları üçün də ciddi mesaj xarakteri daşıyır. Azərbaycanın müharibədən sonrakı mərhələdə təşəbbüsü əlinə alması, öz ərazi bütövlüyünü faktiki olaraq tam bərpa etməsi və bu zəmin üzərində regional əməkdaşlıq platforması yaratması Ermənistana açıq şəkildə bildirir: sülhə gəlmək alternativsizdir!
Bununla yanaşı, görüş, Cənubi Qafqazda artıq 3+3 formatına alternativ kimi çıxış edə biləcək daha konkret və effektiv üçtərəfli ittifaqın mümkünlüyünü də nümayiş etdirir.
Bugünkü dünyada çoxqütblü sistemin formalaşdığı, güc balanslarının yenidən cızıldığı bir mərhələdə, Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı mədəni kimlik, suverenlik və qarşılıqlı maraqlar üzərində qurulmuş yeni əməkdaşlıq modelinin mümkünlüyünü sübut edir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar
Azərbaycan Türkiyə və Pakistan kimi qardaş ölkələrlə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq humanitar, mədəni və hərbi sahələri də əhatə edir.
Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nəzərə alaq ki, 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib. Mayın 28-də işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün keçirilməsi də qarşılıqlı münasibətlərin inkişafında yeni səhifə açır. Prezident İlham Əliyev Laçın şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş bayram tədbirində çıxışı zamanı vurğulayıb: “Bu gün əziz qardaşlarımın – Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. Liderlərin ilk üçlü Zirvə görüşü ötən il iyulun 3-də Astanada ŞƏT sammiti çərçivəsində baş tutmuşdu. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın institusional səviyyəyə keçidinin də rəmzinə çevrilib. İkinci Zirvə görüşünün Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində keçirilməsi isə rəmzi məna daşıyır və siyasi-mənəvi əhəmiyyəti böyükdür. Hər iki ölkə 44 günlük Vətən müharibəsində və ondan əvvəl də hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Ölkəmiz də onlara öz qardaş dəstəyini göstərib. Zirvə görüşündə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini