Zirvə görüşü çərçivəsində qəbul olunmuş Bəyannamə gələcək əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır
TDT çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Türk dövlətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırıb. Belə platformalar ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan münasibətləri daha da inkişaf etdirib, türk dövlətlərinin beynəlxalq nüfuzunu gücləndirib.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Türk dünyasının ortaq dəyərlərini və strateji hədəflərini müzakirə etmək məqsədilə keçirilmiş bu yüksək səviyyəli toplantı regionun gələcək siyasi və iqtisadi düzəninə öz təsirini göstərəcək. Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev çıxışında Türk birliyinin gücləndirilməsinə yönəlmiş bir sıra mühüm məsələlərə toxunub.
Prezident İlham Əliyev çıxışında ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycan Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olmaqla türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda hazırda 10 yeni gəmi inşa edilməkdədir. Bu təşəbbüslər həm daxili nəqliyyat potensialını artırıb, həm də türk dövlətləri üçün alternativ və təhlükəsiz nəqliyyat marşrutları təmin edib. Bununla yanaşı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlərə başlanılıb. Bu liman Transxəzər Nəqliyyat Dəhlizində mühüm mövqe tutub, Orta Dəhlizin genişlənməsinə real töhfə verib. Həmçinin, Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərib və sayca 9-cu hava limanının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Dövlətimizin başçısı qeyd edib ki, bu hava limanlarından 3-ü Ermənistanın işğalından azad olunmuş ərazilərdə yerləşdirilib. Bu isə Azərbaycanın logistik imkanlarını daha da genişləndirib və regiondaxili inteqrasiyanı gücləndirib. Həmçinin illik 1,5 milyon ton yük qəbul edə biləcək karqo terminalının tikintisinə başlanılıb.
Zirvə görüşü çərçivəsində qəbul olunmuş Bəyannamə gələcək əməkdaşlıq perspektivlərinə yönəlik vəzifələrin müəyyən və icra olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Sənəddə türk xalqlarının tarix boyu dünya sivilizasiyasına verdiyi töhfələrə yüksək qiymət verilib, Avropa və Asiyanın mədəni və siyasi formalaşmasında oynadığı davamlı rol vurğulanıb. Dövlət başçıları təşkilatın institusional əsasını qoymuş Naxçıvan Sazişinin prinsiplərinə və məqsədlərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq səviyyədə güclənməsi mühüm önəm kəsb edir. Təşkilatın institusional strukturunun möhkəmləndirilməsi və ortaq layihələrin icrası türkdilli ölkələrin daha sıx əməkdaşlıq etməsinə imkan yaradıb. Bu isə həm iqtisadi, həm də siyasi müstəvidə yeni imkanlar formalaşdırıb.
Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini zəruri hesab edən Azərbaycan bu birliyə daim sadiq qalmışdır. Dövlətimizin başçısının Budapeştdə keçirilən Zirvə görüşündə verdiyi mesajlar Türk dünyasının gələcəyinin əməkdaşlıq üzərində qurulmalı olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbiri barədə də fikirlərini bölüşüb. Dövlətimizin başçısı vurğulayıb ki, hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Bu tədbirin Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın fəal rol oynadığını göstərib. Konfransın yüksək səviyyədə təşkil olunması ölkənin beynəlxalq platformalardakı mövqeyini möhkəmləndirib, ətraf mühitin qorunması istiqamətində qlobal təşəbbüslərə verdiyi töhfəni artırıb.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Zirvə görüşündə Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair ciddi mesajlar verib
Azərbaycan Prezidenti türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlar əsasında yeni təşəbbüslərin reallaşdırılması və beynəlxalq çağırışlara adekvat cavab verilməsi istiqamətində mühüm məqamlara toxunub. Çağdaş dünyada Türk Dövlətləri Təşkilatı yalnız mədəni dəyərlərin daşıyıcısı deyil, eyni zamanda, ciddi geosiyasi və iqtisadi aktora çevrilməkdədir.
Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi irimiqyaslı layihələri də diqqətə çatdırıb. Ölkəmiz türk dövlətləri üçün etibarlı tranzit və logistika mərkəzi rolunu oynayır. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan bu imkanlardan istifadə edərək türk ölkələri arasında yükdaşımaların çevik və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa olunur. Bu, gələcəkdə Xəzər dənizi vasitəsilə daşımaların həcmini artıracaq. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti yaxın illərdə 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən 8 beynəlxalq hava limanına əlavə olaraq sayca 9-cu beynəlxalq hava limanının da istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanlarından 3-ü Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Eyni zamanda, 1,5 milyon ton yük qəbul etmək qabiliyyətinə malik karqo terminalının inşası Azərbaycanın regionda logistik qovşağa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirilən fikirlər, imzalanan sənədlər və qarşıya qoyulan strateji hədəflər təşkilatın gələcək inkişafında mühüm amil kimi xarakterizə edilir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı TDT-nin inteqrasiyasına, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair ciddi mesajlar verib.
Prezident İlham Əliyev ötən ilin noyabr ayında Bakıda keçirilən COP29 Konfransına toxunaraq qeyd edib ki, əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Dövlətimizin başçısı vurğulayıb ki, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. Azərbaycanın bu mühüm tədbiri yüksək səviyyədə təşkil etməsi qlobal miqyasda ölkənin və bütövlükdə Türk dünyasının nüfuzunu artırıb. Bu mötəbər konfrans ölkəmiz üçün yalnız ekoloji məsələ deyil, həm də siyasi və diplomatik əhəmiyyət daşıyan platformadır.
Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Dövlət başçıları bəyannamədə Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Xüsusilə, “Türk Dünyası Xartiyası” üzv ölkələr tərəfindən ortaq mədəniyyətin, adət-ənənələrin, dilin və tarixin ifadəsi, habelə ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün vahid çərçivə kimi qəbul edilib. Bu sənədlər TDT-nin inteqrasiyasını daha da sürətləndirərək türk dövlətlərinin beynəlxalq siyasi sistemdəki mövqelərini gücləndirəcək.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini