image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-90dbcce33d331dbcccc9d7e315f3ee50

Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir

image-legitimaz-810x90

Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir

Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və əməkdaşlığın təmin edilməsi müasir dövrün əsas geosiyasi prioritetlərindən biridir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması məsələsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə bu məsələnin artıq Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən də təsdiqlənməsi Zəngəzur dəhlizinin reallaşmasının qaçılmaz olduğunu bir daha göstərir. Bu fakt Azərbaycan cəmiyyətində mövcud olan əminliyi daha da gücləndirir və vətəndaşlarda heç bir şübhə yeri qoymur ki, Zəngəzur dəhlizi mütləq açılacaqdır.

Dəhlizin adının hansı formada olmasından asılı olmayaraq, əsas məsələ onun mahiyyətidir. Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və təhlükəsiz nəqliyyat əlaqəsinin bərpa olunmasını nəzərdə tutur. Bu, tarixi ədalətin bərpası olmaqla yanaşı, regional kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından da böyük strateji əhəmiyyət kəsb edir. Mahiyyət etibarilə, söhbət regionda yeni inkişaf mərhələsinin başlanmasından gedir.

Zəngəzur dəhlizi məsələsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesi çərçivəsində əsas mövzulardan biridir. Son illərdə aparılan ardıcıl və prinsipial siyasət nəticəsində Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorumuş və bu prosesdə istədiyi nəticələrə nail olmuşdur. Ermənistanla münasibətlərin normallaşması üçün zəruri olan bütün əsas məsələlər artıq Azərbaycanın mövqeyinə uyğun şəkildə öz həllini tapmışdır. Bu isə Prezident cənab İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin məntiqi nəticəsidir. Xüsusi vurğulanmalıdır ki, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişi və imzalanmış birgə Bəyannamə regionda yeni reallıqların hüquqi-siyasi əsasını formalaşdırır. Bu sənədlər tərəflər arasında qarşılıqlı etimadın yaradılmasına, uzun illər davam edən qarşıdurmanın geridə qalmasına və sülh gündəliyinin irəli aparılmasına xidmət edir. Prezident Trampın şahid qismində həmin Bəyannaməyə imza atması isə bu prosesin beynəlxalq səviyyədə dəstəkləndiyini və legitimliyini açıq şəkildə nümayiş etdirir. Bütün bu hadisələr Zəngəzur dəhlizi məsələsinə daha geniş prizmadan yanaşmağı zəruri edir. Bu dəhliz yalnız nəqliyyat layihəsi deyil, eyni zamanda siyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın simvoludur. Dəhlizin açılması Cənubi Qafqazda yeni iqtisadi imkanlar yaradacaq, ticarət dövriyyəsini artıracaq və region ölkələri arasında qarşılıqlı asılılığı gücləndirəcəkdir. Bu isə öz növbəsində sülhün daha möhkəm və davamlı olmasına xidmət edəcəkdir.

Azərbaycan üçün Zəngəzur dəhlizi milli maraqların təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihə ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirir, beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirir və Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün yeni perspektivlər açır və ölkə daxilində inteqrasiyanı gücləndirir. Zəngəzur dəhlizinin açılması artıq siyasi bəyanatlardan real icra mərhələsinə keçməkdədir. Beynəlxalq dəstək, əldə olunmuş razılaşmalar və regionda formalaşmış yeni geosiyasi reallıqlar bu prosesin qarşısının alınmasının mümkünsüz olduğunu göstərir. Azərbaycan dövləti bu məsələdə ardıcıl və prinsipial mövqe nümayiş etdirərək sübut etmişdir ki, milli maraqlar qətiyyətlə qorunur və regionda sülhə aparan yol məhz bu cür rasional və uzaqgörən siyasətdən keçir.
Zəngəzur dəhlizi Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu dəhlizin açılması ilə regionda yeni əməkdaşlıq mühiti formalaşacaq, sülh və təhlükəsizlik daha da möhkəmlənəcək, Cənubi Qafqaz beynəlxalq əməkdaşlıq və inkişaf məkanına çevriləcəkdir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki