Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Bu gün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilməkdədir. Zəngəzur dəhlizi Azərbaycan üçün çox mühümdür.
Zəngəzur dəhlizi Azərbaycanı beynəlxalq tranzit yolları üzərində mühüm bir halqa halına gətirəcək. Bu dəhliz vasitəsilə yük daşımalarının sürətinin artırılması, ticarət əlaqələrinin möhkəmləndirilməsi və iqtisadi mübadilələrin genişlənməsi mümkün olacaqdır. Dəhlizin açılması, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat bağlantısı yaratmasına imkan verəcək.
Prezident cənab İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilir, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilir, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının dəstəkçisi və iştirakçısı olan Azərbaycan həm də digər dəhlizlərlə müqayisədə Zəngəzur dəhlizi vasitəsilə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır. İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək.
Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub- Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri