Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir
Qazaxıstan son illərdə Mərkəzi Asiyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Prezident Qasım-Comərt Tokayevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar, idarəetmədə şəffaflığın artırılması, innovasiya və rəqəmsallaşma sahəsində görülən işlər ölkənin ümumi inkişaf tempini əhəmiyyətli dərəcədə sürətləndirmişdir. Bu proses təkcə iqtisadi göstəricilərdə deyil, həm də Qazaxıstanın beynəlxalq nüfuzunda və regional sabitlikdə öz əksini tapmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Astanaya etdiyi səfər iki ölkə arasında mövcud dostluq və strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Bu səfər Qazaxıstanın inkişaf istiqamətlərinə dəstək olmaqla yanaşı, regional əməkdaşlığın yeni mərhələsini formalaşdırmışdır. Cənab İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlər və keçirilən danışıqlar göstərdi ki, Azərbaycan və Qazaxıstan təkcə enerji və nəqliyyat sahələrində deyil, həm də texnologiya, təhsil və mədəniyyət istiqamətlərində qarşılıqlı tərəfdaşlığı dərinləşdirməyə sadiqdirlər.
Prezident cənab İlham Əliyev çıxışında Qazaxıstanın inkişaf yolunu yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu ölkə son illərdə sabit və dinamik inkişaf nümunəsinə çevrilmişdir. Onun sözlərinə görə, Qazaxıstanın iqtisadi güclənməsi, beynəlxalq arenadakı nüfuzunun artması və Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar regionun ümumi sabitliyinə və tərəqqisinə töhfə verir.
Azərbaycan Prezidenti çıxışında həmçinin Geniş Avrasiya regionunda formalaşan yeni əməkdaşlıq məkanına diqqət yönəldərək vurğulamışdır ki, həyata keçirilən böyük nəqliyyat və kommunikasiya layihələri – xüsusilə “Orta Dəhliz” və Transxəzər marşrutu – Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx birləşdirir. Bu proses region ölkələrinin iqtisadi əlaqələrinin inteqrasiyasına, yeni logistika və enerji dəhlizlərinin yaranmasına imkan yaradır. Prezident cənab İlham Əliyevin fikrincə, Azərbaycan və Qazaxıstan bu birləşdirici rolu öz üzərinə götürərək Avrasiya qitəsində strateji tərəfdaşlığın əsas dayaqlarına çevrilməkdədir.
Astanada keçirilən səfərin daha bir mühüm hissəsi “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı oldu. Bu layihə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa istiqamətində beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmağı hədəfləyir. Layihə üzrə yaxın illərdə daşınan yüklərin həcminin üç dəfə artacağı proqnozlaşdırılır. Azərbaycan bu dəhlizdə əsas körpü rolunu oynayır. Xəzər dənizindəki limanlar, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Naxçıvanın gələcək tranzit potensialı layihənin əsas komponentləri sırasındadır.
Prezident cənab İlham Əliyev bu kontekstdə vurğulayıb: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu fikir göstərir ki, Azərbaycanın nəqliyyat siyasəti artıq regional səviyyədən qlobal miqyasda strateji əhəmiyyət kəsb edən sistemə çevrilib. “Orta Dəhliz”in gələcək inkişafında Naxçıvanın tranzit mərkəzə çevrilməsi isə həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm nəticələr doğuracaq.
Prezident Tokayev orta dəhlizin əhəmiyyətini vurğulayaraq deyib: “Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.” Bu ifadələr özlüyündə sübut edir ki, qarşılıqlı iqtisadi-ticari maraqlar yüksək səviyyədə inkişaf edir.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

























