Ukrayna öz ordusunun Donbasdan çıxarılması müqabilində atəşkəsə razılaşmağı nəzərdə tutan Tramp-Putin planına razılaşmır. Zelenski bu məsələdə açıq və net mövqe ortaya qoyub: “Ukraynanın ölkə Konstitusiyasına, beynəlxalq hüquqa və ya mənəvi qanuna əsasən öz ərazilərindən imtina etmək hüququ yoxdur”.
”Xeberaz.info’‘ xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, məhz Avropanın dəstəyi sayəsində Zelenski Trampın “Ukrayna ordusunu Donbasdan çəkmək” təzyiqinə qarşı müqavimət göstərir:
“Bu dəstəyin vizual görüntüsü də son dərəcədə vacib siyasi-diplomatik məqamdır. Bu nə deməkdir? Tramp görür ki, bütün Qərb televiziya kanallarında Zelenski Avropa liderləri ilə birlikdə göstərilir və ərazi təsliminin qəbuledilməz olduğu barədə bəyanatlar verilir. Təbii ki, bu faktor ictimai rəyi formalaşdırır və bu, rəy heç də Trampın lehinə deyil.
Məhz bu dəstək Tramp-Putin planını pozur. Təbii ki, Trampın qıcığı pik həddədir və bu səbəbdən də Tramp ABŞ-ın daxilində Avropaya qarşı “fas” komandası verib. İlon Mask, Stiv Bennon, Flinn, Rubionun müavini Kristofer Landau və digərləri Medvedyev, Duginlə birləşərək ən sərt şəkildə Avropaya qarşı tənqid sunamisini qaldırıblar.
Başqa sözlə, Tramp artıq təzyiqləri Ukraynaya yox, Avropaya etməyə çalışır.
Avropa liderləri isə Trampın üzünə gülərək, “böyük lider” adlandıraraq, “dahiliyini” vurğulayaraq, öz işlərini görürlər, silahlanırlar”.


























