image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-625446007_1451306859682421_410671435286582204_n

“Zayed İnsan Qardaşlığı Mükafatı” və Azərbaycanın humanitar-sülhpərvər siyasətinin beynəlxalq təntənəsi

image-legitimaz-810x90

“Zayed İnsan Qardaşlığı Mükafatı” və Azərbaycanın humanitar-sülhpərvər siyasətinin beynəlxalq təntənəsi

“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşıyan, insanlıq, tolerantlıq, mərhəmət və birgəyaşayış dəyərlərinin təşviqinə xidmət edən nüfuzlu beynəlxalq təşəbbüslər sırasında xüsusi yer tutur. Bu ali mükafatın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edilməsi ölkəmizin son illərdə həyata keçirdiyi humanitar, sülhpərvər və multikultural siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

Mükafatın təqdim olunması mərasimində çıxış edən Prezident İlham Əliyev bu ali təltifə layiq görülməyi böyük şərəf hesab etdiyini bildirmiş, münsiflər heyətinə və tədbirdə ünvanlanan xoş müraciətlərə görə iştirakçılara təşəkkürünü ifadə etmişdir. Dövlətimizin başçısı, eyni zamanda, Ermənistanla sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını çatdırmışdır.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, habelə Birgə Bəyannamə imzalanmışdır. Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla da üç onillikdən artıq müddətdə Cənubi Qafqaz regionunda gərginliyə, minlərlə insanın həlak olmasına və geniş humanitar fəsadlara səbəb olmuş qanlı və ölümcül münaqişəyə son qoyulması istiqamətində həlledici mərhələyə başlanılmışdır.

Vaşinqton Zirvə Görüşü təkcə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması baxımından deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması üçün yeni imkanlar açmışdır. Bu proses beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və uzunmüddətli sülhə aparan yolun başlanğıcı kimi dəyərləndirilir.

Prezident İlham Əliyev çıxışında uzunmüddətli münaqişələrin yaratdığı dərin izlərə, insan həyatına və cəmiyyətlərə vurduğu ağır mənfi təsirlərə də diqqət çəkmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, illərlə davam edən qarşıdurmalar, humanitar fəlakətlər və qarşılıqlı etimadsızlıq sülhə gedən yolu çətinləşdirsə də, güclü siyasi iradə və gələcəyə yönəlmiş praqmatik yanaşma mövcud olduqda sülh mümkündür. Qarşılıqlı etimadın bərpası, dialoqun təşviqi və kompromislərə hazır olmaq sülh prosesinin əsas və ayrılmaz tərkib hissələridir.

Bu baxımdan Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş sülh nümunəsi öyrənilməli, hazırda münaqişə və müharibə şəraitində olan ölkələr üçün real yol xəritəsi kimi istifadə edilməlidir. Bu yanaşma Azərbaycanın yalnız regional deyil, eyni zamanda qlobal miqyasda sülhün, təhlükəsizliyin və insan qardaşlığının fəal təşviqçisi olduğunu bir daha nümayiş etdirir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki