Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
Bir neçə il əvvəl BMT-nin su böhranı və quraqlıq riski ilə bağlı yayımladığı hesabatla bağlı aparılan araşdırma və müşahidələr onu da deməyə əsas verir ki, ölkəmizdə ciddi su itkisi mövcuddur. Bəzi hallarda bu itkilər 45–50 faizə qədər çatır, hazırda isə orta göstərici təxminən 48 faizdir. Qarşıya qoyulan əsas strateji hədəf bu rəqəmin 20 faizə endirilməsidir və bu istiqamətdə artıq konkret addımlar atılır. Su itkiləri əsasən iki mərhələdə baş verir: suların saxlanıldığı yerlərdə – yəni su anbarlarında və suların ötürüldüyü yerlərdə – kanallarda. Məhz bu səbəbdən hazırda ölkə üzrə bir çox kanallar yenidən qurulur, köhnə kanallar betonlaşdırılır və ya onların yerinə yeni beton kanallar salınır. Bu tədbirlər su itkilərinin əhəmiyyətli dərəcədə azalmasına, eyni zamanda, ətraf ərazilərdə torpaqların şoranlaşmasının qarşısını alır.
Yağış sularından səmərəli istifadəyə xüsusi diqqət yetirilməlidir. Hazırda yağış sularının böyük hissəsi şəhərlərdə kanalizasiya sisteminə qarışır və itirilir. Təbii şəkildə distillə olunmuş bu su ehtiyatlarının toplanması və müxtəlif ərazilərdən yönləndirilərək anbarlara ötürülməsi gələcək üçün son dərəcə faydalıdır. Yaxın gələcəkdə yağış sularından maksimum səmərəli istifadə qaçılmaz olacaqdır. Suvarma sistemləri də olduqca vacib məsələlərdəndir. Ölkəmizdə tədricən damlama suvarma sistemlərinə keçid baş verir. Bununla belə, bütün ölkə üzrə tam şəkildə yalnız bu sistemə keçidin mümkün olmadığı, təbiətdə müəyyən tarazlıqları poza biləcəyi məlumdur. Yeraltı suların dövriyyəsinin qorunması üçün suvarmanın müəyyən hissəsinin ənənəvi formada qalması daha məqsədəuyğundur. Bütün bunlar fonunda su təsərrüfatının inkişafı, yeni su anbarlarının tikintisi, mövcud infrastrukturun modernləşdirilməsi və bu sahəyə investisiyaların artırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu baxımdan, su məsələsinin yüksək səviyyədə müzakirə olunması dövlətimizin başçısının bu sahəyə xüsusi əhəmiyyət verdiyini bir daha göstərir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc






















