İranın ali dini lideri Əli Xamenei ilə bağlı çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.
Onun ABŞ və İsrail hücumları nəticəsində həlak olması barədə xəbərlər fonunda sosial şəbəkələrdə müxtəlif videolar yayılmağa başlayıb.
Həmin görüntülər arasında xüsusilə bir gəncin sevinclə rəqs etməsi geniş müzakirələrə səbəb olub. Video qısa müddətdə milyonlarla baxış toplayıb və fərqli reaksiyalar doğurub.
Görüntülərin qəhrəmanı daha sonra paylaşım edərək kimliyini açıqlayıb. O bildirib ki, illər əvvəl İranı tərk edib və hazırda ABŞ-də yaşayır. Gənc qadın mühəndislik sahəsində doktorantura təhsili aldığını qeyd edib.
Paylaşımında ABŞ-dəkı azad mühitə görə minnətdar olduğunu vurğulayan iranlı qız bunun bir çox soydaşının arzuladığı həyat olduğunu yazıb. O, eyni zamanda ABŞ-nin prezidenti Donald Trampa təşəkkür edərək özünü “Trampın mahnısı ilə rəqs edən iranlı qız” kimi təqdim edib və izləyicilərinə dəstəyə görə təşəkkürünü bildirib.
Mövzu həm İranda, həm də xarici mediada geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri arasında hadisəyə münasibət isə birmənalı olmayıb. Baş verənlər İran daxilində və xaricində yaşayan iranlıların siyasi proseslərə baxışındakı fərqləri bir daha üzə çıxarıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.//Demokrat.az


























