ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv olmamalı olduğunu bildirib. O, həmçinin Kiyevin Rusiyanın enerji obyektlərinə hücumlarını dayandırmasının vacibliyini vurğulayıb.
Xeberaz.info xəbər verir ki, Vens bu barədə “2WAY TONIGHT” proqramına müsahibəsində danışıb.
Aparıcı vitse-prezidentdən ABŞ ilə Ukrayna arasındakı münasibətlərin xarakterini soruşub. O, tərəfdaş ölkə ilə müttəfiq ölkə anlayışlarının eyni məna daşıyıb-daşımadığını, yaxud tərəfdaşlığın daha məhdud münasibətlər nəzərdə tutduğunu öyrənmək istəyib.
Vens cavabında ABŞ ilə Ukrayna arasında rəsmi müttəfiqlik sazişinin olmadığını bildirib və Kiyevin NATO-ya üzvlüyünə qarşı çıxdığını açıq şəkildə ifadə edib.
“Bildiyim qədər, bizim Ukrayna ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur. Ukrayna NATO-nun üzvü deyil. Mən onun NATO-ya daxil olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, Ukrayna heyranlığa layiq, çox gözəl insanların yaşadığı gözəl ölkədir. Biz bəzi məsələlərdə əməkdaşlıq edəcəyik, lakin elə məsələlər də olacaq ki, mövqelərimiz fərqlənəcək”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.
Müsahibə zamanı Vens Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumlarına da toxunub. O bildirib ki, Kiyev bu hücumları dayandırmalıdır. Söhbətin, ehtimal ki, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdən getdiyi bildirilir.
Beləliklə, Vens bir tərəfdən ABŞ-nin Ukrayna ilə əməkdaşlığı davam etdirəcəyini bəyan etsə də, digər tərəfdən ölkənin NATO-ya üzvlüyünə qarşı mövqeyini və Rusiya ərazisindəki enerji obyektlərinə hücumların dayandırılması tələbini açıq şəkildə ortaya qoyub.


























