image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-623563262_1450967926382981_2020375045428554911_n

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

image-legitimaz-810x90

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.

Cənab Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı müasir beynəlxalq münasibətlər sistemində dərin məna daşıyan konseptual yanaşma kimi qiymətləndirilir. Müasir dünyada münaqişələr çox zaman tarixi ədalətsizliklər, etnik və dini ziddiyyətlər, geosiyasi maraqlar və uzun illər formalaşmış qarşılıqlı etimadsızlıq üzərində qurulur. Belə şəraitdə sülh ideyası bəzən utopiya kimi qəbul edilir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhün mümkünsüzlüyü barədə yanaşma özü-özlüyündə münaqişəni dərinləşdirən əsas amillərdən biridir. Sülhə inamın itməsi tərəfləri dialoqdan uzaqlaşdırır, zorakılığı isə “qaçılmaz alternativ” kimi təqdim edir.

Azərbaycanın yaxın tarixi bu fikrin praktik əsaslara söykəndiyini göstərir. Uzunmüddətli münaqişə, humanitar fəlakətlər və dərin psixoloji travmalara baxmayaraq, regionda yeni siyasi reallıqlar formalaşmış, postmünaqişə dövründə əməkdaşlıq və birgəyaşayış perspektivləri gündəmə gəlmişdir. Bu təcrübə onu göstərir ki, sülh yalnız sənədlərlə deyil, siyasi iradə, beynəlxalq hüquqa hörmət və gələcəyə yönəlmiş rasional yanaşma ilə mümkündür.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim olunma mərasimində cənab prezident  deyib: “Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.

Bugünkü simvolizm havada hiss olunur. Bizi bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.”

Əzab və itkilərlə dolu keçmişi olan cəmiyyətlər üçün sülh ilk növbədə psixoloji baryerlərin aşılması, düşmən obrazının tədricən dialoq tərəfdaşına çevrilməsi deməkdir. Bu mövqe tərəfləri keçmişin girovu olmaqdan imtina etməyə, gələcəyi isə qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmağa səsləyir. Uzunmüddətli münaqişələr nə qədər ağır və ağrılı olsa da, sülhə aparan yolun mövcudluğunu qəbul etmək həmin yolun başlanğıc nöqtəsidir.

 

Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki