ABŞ-nin Viskonsin ştatının tənzimləyici orqanları ABŞ prezidenti Donald Tramp barəsində kəskin və neqativ çıxışları ilə tanınan “Minocqua Brewing” pivəxanasını fəaliyyət lisenziyasından məhrum edib.
Xeberaz.info xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.
Qərarın avqustun 4-də qüvvəyə minəcəyi bildirilir.
Rəsmi qurumlar bu adımı müəssisədə başqa ştatdan lazımi icazə və vergi ödənişi olmadan gətirilmiş böyük partiyada qutulaşdırılmış pivənin müsadirə olunması ilə əlaqələndiriblər.
Pivəxananın sahibi və tanınmış liberal aktivist Kirk Benqstad isə vergi qanunvericiliyinin pozulması iddiasının biznesin bağlanması üçün əsas olmadığını bildirib və bu qərardan “bütün mövcud vasitələrlə” şikayət etmək niyyətindədir.
O, məhkəmə xərclərini ödəyə bilmək üçün artıq tərəfdarlarını xüsusi fonda vəsait köçürməyə çağırıb. Onun hesablamalarına görə, məhkəməyə qədər olan hüquqi xərclər 100 min dollara çata bilər.
“Fox News”un məlumatına görə, sözügedən pivəxananın sosial şəbəkə hesablarında dəfələrlə anti-Tramp bəyanatları dərc olunub. Həmin paylaşımlarda ad birbaşa çəkilməsə də, Trampın qətlə yetiriləcəyi təqdirdə müştərilərə pulsuz pivə paylanacağına eyham vurulub. Xüsusilə, aprel ayında Ağ Evdə baş verən atışma insidentindən sonra pivəxana rəsmi olaraq “Pulsuz pivə gününə çox az qaldı” mesajını paylaşıb.
Musavat.com


























