Venesuela hakimiyyəti ABŞ-a satış üçün 50 milyon barelə qədər neft verəcək.
”Xeberaz.info” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşıb.
Onun sözlərinə görə, bu əməliyyatdan əldə edilən gəlirə nəzarəti özü edəcək: “Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı neft köçürəcəyini elan etməkdən məmnunam. Bu neft bazar dəyəri ilə satılacaq və mən, ABŞ prezidenti kimi, bu pulun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə olunmasını təmin etmək üçün nəzarət edəcəyəm! Mən ABŞ-ın Energetika Naziri Kris Raytdan bu planı dərhal həyata keçirməsini xahiş etdim”.
O, neftin ABŞ limanlarına çatdırılacağını qeyd edib.
Politico-nun əvvəllər mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigezə ABŞ-ın rəqib hesab etdiyi ölkələrə neft tədarükünü dayandırmaq üçün təzyiq göstərir. “Washington Post” qəzetinin xarici siyasət üzrə köşə yazarı Devid İqnatius məqaləsində ABŞ administrasiyasının Karakasın Amerika şirkətlərinə fayda gətirmək üçün neft hasilatı qaydalarını təcili olaraq yenidən yazmasını tələb etdiyini qeyd edib. İqnatiusun sözlərinə görə, ABŞ Amerika şirkətlərinin Venesuela neftinə “imtiyazlı çıxış” əldə etməsini istəyir.


























