ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı verdiyi son açıqlamalar yenidən skandal yaradıb. Ağ Ev sahibi bu dəfə daha çox Rusiyalı həmkarı Vladimir Putinin dili ilə danışıb.
“Hesab edirəm ki, Ukraynada prezident seçkiləri keçirilməlidir. Onlar müharibədən seçkidən yayınmaq üçün istifadə edir, amma düşünürəm ki, Ukrayna xalqının bu seçimi olmalıdır”.
Axar.az xəbər verir ki, bu fikirləri Tramp deyib.
“Bəlkə də Ukrayna Prezidenti Vladimir Zelenski seçkidə qalib gələrdi. Kimin qalib gələcəyini bilmirəm, amma orada uzun müddətdir seçki keçirilməyib. Bilirsiniz, onlar demokratiyadan danışır, amma iş o yerə çatır ki, artıq bu, demokratiya deyil”, – o bildirib.
Göründüyü kimi, Tramp əslinə qalsa, mövcud Ukrayna hakimiyyətini anti-demokratiklikdə ittiham edir. Putin də tez-tez Ukraynada prezident seçkilərinin vaxtının uzandığını əsas gətirərək, hazırkı dövlət başçısı Zelenskini qeyri-legitim hesab etdiyini bildirir.
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirdi ki, əslində bununla Tramp Ukraynanı Amerika dəstəyindən tam məhrum edir:
“Trampın Ukraynada seçkilərin tezliklə keçirilməsi barədə səsləndirdiyi fikirlər göstərir ki, bizim əvvəllər də qeyd etdiyimiz kimi, Zelenski artıq Qərbin, daha dəqiq desək, ABŞ-ın dəstəyindən demək olar ki, məhrum olub. ABŞ olmadan isə Ukrayna beynəlxalq müstəvidə ciddi təsir gücünə sahib deyil. Donald Trampın yanaşması ondan ibarətdir ki, Ukrayna–Rusiya münaqişəsi mümkün qədər tez başa çatdırılmalıdır. Bu səbəbdən o, ardıcıl şəkildə siyasi mesajlar verərək Kiyevi qarşıdakı mərhələdə ABŞ-ın yeni mövqeyinə uyğunlaşmağa hazırlayır”.


























