Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşlə Ağ Ev sahibinin Kreml sahibini beynəlxalq təcriddən çıxarmağa çalışacağını bildirib.

“Təəssüf ki, Putinin təcriddən tədricən çıxması prosesi artıq başlayıb və bu, heç də ilk addım deyil” – deyən Ukrayna Prezidenti görüşdə konkret hansı məsələlərin müzakirəsindən xəbərdar olmadığını vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio isə “Fox News” televiziya kanalına müsahibəsində ölkəsinin Rusiya və Çinlə dialoqunun davam etdrməsini belə əsaslandırıb: “ABŞ, Çin və Rusiya dünyanın ən güclü üç ölkəsidir. Bu səbəbdən üç ölkənin dialoqu davam etdirməsi vacibdir. Hər üç ölkə nüvə silahına malikdir. Nüvə silahlarına nəzarət baxımından da üç ölkə arasında müzakirələrin aparılmasına ehtiyac var. ABŞ, Çin və Rusiya arasında dialoq dünya üçün də faydalıdır”.
Putin və Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitində Donald Trampla üçtərəfli görüş keçirmək istəyirlər.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Putin bu ilin sonunda ABŞ-də keçiriləcək “böyük iyirmilərin” sammitinə qatılmayacaq: “Halbuki Tramp Putini həmin sammitə dəvət edib. Ancaq Putin digər ölkə liderlərinin onunla eyni masada oturmaq istəməyəcəyini anladığından ABŞ-dəki sammitdə iştirakda maraqlı deyil. Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir. Tramp Çində üçtərəfli görüşdə iştirak edəcəyini bildirib”.
Professor Qabil Hüseynli isə Musavat.com-a bildirib ki, Rusiya lideri üçün əsas qazanc diplomatik legitimliyin bərpası ola bilər: “Ukrayna müharibəsindən sonra Rusiya ilə Qərb arasında münasibətlər kəskin şəkildə pisləşib, Moskva geniş sanksiyalarla üzləşib və bir sıra beynəlxalq platformalarda siyasi təzyiqlə qarşılaşıb. Belə şəraitdə ABŞ prezidentinin Putinlə yüksək səviyyəli danışıqlar aparması Kreml üçün əhəmiyyətli siyasi nəticə verə bilər. Çünki böyük dövlətin lideri ilə birbaşa danışıqlar masasında əyləşmək Rusiyanın beynəlxalq münasibətlər sistemindən tam kənarlaşdırılmadığını nümayiş etdirmək imkanı yaradır. Putin üçün bu, həm daxili auditoriyaya, həm də Rusiyanın tərəfdaşlarına ünvanlanan siyasi mesajdır – Moskva Qərbin təzyiqlərinə baxmayaraq, qlobal qərarların müzakirə olunduğu masada qalır. Trampın iştirakı ilə Putinin diplomatik təmasları siyasi təcridin zəifləməsinə xidmət edə, Rusiyanın beynəlxalq təcridinin zəifləməsi üçün imkan yarada bilər”.


























