ABŞ Prezidenti Donald Tramp Tailandla Kamboca arasında qarşıdurmanın davam edəcəyi halda, bu ölkələrə qarşı yeni ticarət sanksiyalarının tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
“Xeberaz.info”nun xəbərinə görə, o, “The Wall Street Journal”a müsahibəsində bildirib ki, müharibə başlayarsa, ABŞ təkcə mövcud ticarət razılaşmalarını ləğv etməyəcək, eyni zamanda, həmin ölkələrin məhsullarına əlavə tariflər tətbiq edəcək.
Tramp vurğulayıb ki, bu cür addımı atmaq səlahiyyəti yalnız ondadır.
Müsahibənin cümə günü qeydə alındığı qeyd olunur. Ehtimal edilir ki, Tramp həmin gün Tailand və Kambocanın baş nazirləri ilə apardığı telefon danışıqlarına istinad edib.
Amerika lideri tarifləri administrasiyasının əsas xarici siyasət alətlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin bəzi tarifləri ləğv etməsi ölkə üçün “son dərəcə mənfi” nəticələr yarada bilər. Bununla belə, Tramp əlavə tariflərin tətbiqi üçün hüquqi imkanlar tapacağına əminliyini ifadə edib. Hazırda Ali Məhkəmə bu məsələni araşdırır.
Xatırladaq ki, dekabrın 7-də Kamboca ilə Tailand arasındakı sərhəd xəttində silahlı insidentlər qeydə alınıb.


























