İranın qarşısını bu amil alırmış
“Tehran iki həftə ərzində nüvə silahı hazırlaya bilər, lakin İranın ali dini lideri Əli Xamneyinin fətvası bunu qadağan edir”.
Armiya.az-ın İranın “Xəbər Furi” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ali liderin müşaviri Ayətullah Cavad Laricani bildirib.
Laricani eyni zamanda müdafiə və texnoloji imkanların inkişaf etdirilməsinin İranın strateji prioriteti olaraq qaldığını bildirib. “Müharibə başlayarsa, bu, barbarlıq olmayacaq, hər iki tərəfin öz həddi var. Ali ruhaniliyin nüvə silahını yaratmağı qadağan edən fətvasının bir çox əsası və şiə fiqhində uzun bir tarixi var… Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik”, – deyə o əlavə edib.
Doğrudanmı İran iki həftəyə nüvə silahı yaratmaq iqtidarındadır və buna nüvə silahını haram sayan Xamneyi mane olur?

Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ümumi prosesə baxanda İranın nüvə silahına sahiblənmək istiqamətində hazırlıqlarının uzun illərdir davam etdirdiyini görürük: “İran nüvə silahı ilə bağlı xeyli vaxtdır araşdırmalar, tədqiqatlar həyata keçirir. Bu sahədə qonşu dövlət xeyli irəliyə gedib. İranın bu sahədə çoxlu sayda mütəxəssisləri var. Onlar uzun müddətdir bu sahədə işləyirlər və püxtələşirlər. Nəzərə alsaq ki, nüvə silahı kütləvi qırğın silahı sayıldığı üçün bu məsələyə dini baxımdan yanaşma birmənalı deyil. Dinimiz bu məsələyə fərqli yöndən baxır. İranın nüvə silahına malik olması məsələsinə gəldikdə isə bu fikir ilk dəfə deyil səsləndirilir. Ayrı-ayrı şəxslər, mütəxəssislər tərəfindən İranın artıq bu imkana malik olduğu söylənilir. Düşünürəm ki, bu məsələ ciddi qəbul edilməlidir. İranın nüvə silahına malik olması real fakt kimi qiymətləndirilə və nəzərdən keçirilə bilər. Bu cür açıqlamaların ciddi səbəbləri var və yəqin ki, boşuna verilmiş açıqlama deyil”.

Oqtay Qasımov
Politoloq Oqtay Qasımov bildirdi ki, İranın ali liderinin müşaviri Ayətullah Cavad Laricaninin bəyanatına diqqət etdikdə orada iki məqam xüsusi qeyd olunmalıdır: “Birincisi, Laricani qeyd edir ki, onların iki həftə ərzində nüvə silahı hazırlama imkanları var, amma Əli Xamneyinin fitvası bunu qadağan edir və bu prosesi dini motivlərlə əsaslandırmağa çalışır. Nəzərə alaq ki, İranın nüvə proqramı ilə bağlı olduqca müxtəlif iddialar var və bu iddialardan hansının dəqiq olduğunu konkret söyləmək çətindir. Beynəlxalq Atom Enerjisi Agentliyinin 6 ay öncə verdiyi məlumatlarda da qeyd olunurdu ki, İran uranın zənginləşdirilməsini 60 faizə qədər yüksəldib, bu da nüvə silahı hazırlama müddətini xeyli azalda bilər. Bu iddialara diqqət etdiyimizdə İranın bu həddə kifayət qədər yaxınlaşdığını söyləmək olar. Amma bu iddiaların nə qədər dəqiq məlumatlara əsaslandığını söyləmək kifayət qədər çətindir və bunu təsdiq edəcək sübutlar da yoxdur. Bundan başqa, bu ilin iyununda baş verən İsrail-İran 12 günlük savaşı zamanı İsrailin və ABŞ-nin İrana vurduğu zərbələr İranın nüvə proqramına müəyyən zərər verib. Hətta prezident Donald Tramp bu iddiada oldu ki, İranın nüvə proqramı ciddi zərər görüb. Tehran əvvəl bunu boynuna almasa da sonradan etiraf etməli oldu. Yəni bu iddiaların da nə qədər dəqiq olduğunu söyləmək çətindir. Amma görünən və bilinən odur ki, İranın əlində təxminən yarım tona yaxın 60 faizə qədər zənginləşdirilmiş uran var və onun nüvə silahı yaratma potensialı kifayət qədər çoxdur”.
Politoloq düşünür ki, Laricaninin açıqlamasının ikinci hissəsi xüsusilə diqqətçəkicidir: “O bəyan edir ki, dini liderin fitvası və şiə məzhəbində bu cür silahın haram buyrulması İranın nüvə silahına sahiblənməsinin qarşısını alır. Hesab edirəm ki, bu açıqlama İrana olan təzyiqləri azaltmaq üçün söylənən bəyanatdır. Nəzərə alsaq ki, İranın nüvə proqramı Rusiya və Çin tərəfindən dəstəklənir, amma eyni zamanda İranın bu silaha malik olması ilə bağlı bu dövlətlərin konkret mövqeyinə rast gəlmirik, mümkün variantlardan biri o ola bilər ki, əgər Çin İranın nüvə silahı yaratmaq istəklərinə ən azı mane olmazsa, o zaman İran bu istiqamətdə müəyyən ciddi addımlar ata bilər. Lakin İran da yaxşı başa düşür ki, belə bir addımın atılması və həqiqətlərin ortaya çıxması onun üçün kifayət qədər ciddi problemlər yaradar. Ən azı Donald Trampın hakimiyyətdə olduğu dönəmdə Tehran bu risklə qarşı-qarşıya qalmaq istəməyəcək. Digər tərəfdən, nəzərə alsaq ki, İranın nüvə silahı əldə etməsi İsrilin də qırmızı cizgiləridir və İsrail də bunun qarşısının alınması üçün addımlar atmağa çalışacaq və ABŞ da buna istər-istəməz dəstək vermək məcburiyyətində qalacaq, deməli, ali liderin müşavirinin açıqlamasında həm müəyyən bir təhdid var, həm də mülayimlik nümayiş etdirmə var. Bununla İran demək istəyir ki, nüvə silahını qısa müddətdə yaratmaq potensialımız var, lakin bunu etmək niyyətində deyilik. Səbəbini isə din amili ilə bağlayır”.


























