TDT artıq regional əməkdaşlıq çərçivəsini aşaraq qlobal səviyyədə strateji tərəfdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir
XXI əsrdə beynəlxalq münasibətlər sistemi yeni geosiyasi reallıqlar, regional əməkdaşlıq mexanizmlərinin inkişafı və çoxtərəfli diplomatik təşəbbüslərin genişlənməsi ilə səciyyələnir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, mədəni və mənəvi dəyərlər əsasında formalaşan, eyni zamanda, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirən mühüm beynəlxalq platforma kimi fəaliyyətini uğurla davam etdirir.
TDT-nin fəaliyyəti Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun inteqrasiyasına və ümumi təhlükəsizlik maraqlarının təmin edilməsinə xidmət edir. Bu baxımdan təşkilat artıq regional əməkdaşlıq çərçivəsini aşaraq qlobal səviyyədə strateji tərəfdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir.
2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə görüşü Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində mühüm mərhələ olmuşdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti və TDT-nin Baş katibi tərəfindən iştirak edilən toplantı təşkilat çərçivəsində siyasi həmrəyliyin və strateji əməkdaşlığın inkişafına yeni impuls vermişdir.
Bu prosesin məntiqi davamı kimi, 2025-ci ilin 7 oktyabr tarixində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin ali səviyyəli nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının rəhbər şəxsləri iştirak etmişlər.
Qəbələ Zirvəsində Türk dövlətləri arasında iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi, TDT-nin institusional imkanlarının artırılması və üzv ölkələr arasında strateji koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Dövlət başçıları Türk dövlətlərinin qlobal iqtisadi və siyasi sistemdə vahid mövqedən çıxış etməsinin, qarşılıqlı dəstək və birgə inkişaf prinsipinin qorunmasının əhəmiyyətini vurğulamışlar. Toplantı zamanı qəbul edilən qərarlar Türk dünyasının regional sabitlik və beynəlxalq təhlükəsizlik sistemindəki rolunun daha da möhkəmlənməsinə xidmət edir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc