Tarixi zəfərin mənəvi dayaqları
Prezident İlham Əliyev məlum cavabında qələbənin yalnız silahla deyil, əzm, vətənə sevgi və xalqla həmrəylik nəticəsində əldə edildiyini də vurğulayır. İlham Əliyev qeyd edir ki, xalqın birliyi və dəstəyi Ali Baş Komandan kimi ona böyük mənəvi güc verdi. Bu həmrəylik həm müharibə zamanı, həm də sonrakı quruculuq dövründə ölkənin əsas dayaq sütununa çevrildi. Prezident burada maraqlı bir etiraf da edir. Deyir ki, bəzən onun da ədalətə inamı az olub. Ancaq tarixi zəfər sübut etdi ki, ədalət var və ona yalnız mübarizə apararaq çatmaq mümkündür.
Bunları qeyd etməklə yanaşı, daha bir vacib məqama da toxunmaq yerinə düşər. Prezident İlham Əliyevin “Heç vaxt işğalla barışmayın” fikri təkcə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin simvolik şüarı deyil. Bu, həm də bəşəriyyətə ünvanlanmış çağırışdır. O baxımdan ki, ərazi işğalına qarşı aparılan mübarizənin fonunda bu ifadə, eyni zamanda siyasi, ideoloji, mədəni və mənəvi işğallara qarşı müqavimət rəmzinə çevrilə bilər.
Prezidentin “işğalla barışmamaq” fikri ilk baxışdan hərbi müstəvini xatırlatsa da, bu, əslində daha geniş mənəvi və strateji məna daşıyır. Çünki çağdaş dövrdə xalqlar təkcə torpaq deyil, kimlik, dil, din, mədəniyyət, düşüncə baxımından da “işğal” olunur.
Bəzi imperialist dövlətlər hərbi güclə deyil, yuxarıda vurğuladığımız kimi kütləvi informasiya vasitələri, ideoloji manipulyasiya, dəyər aşınması, qlobalizm adı altında milli kimliklərin sıradan çıxarılması yolu ilə başqa xalqları təsir altına salır.
Türk dünyasının bəzi ölkələri bu gün siyasi baxımdan müstəqil olsa da, mədəni, dil, ideologiya və təhsil sahəsində dərin xarici təsirlərə məruz qalır. Bu isə milli mənlik və gələcək suverenlik üçün təhlükəli bir meyldir. Bu baxımdan, Prezident Əliyevin fikri Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişafı üçün də bir istiqamətverici ola bilər. Türk xalqları yalnız hərbi baxımdan deyil, düşüncə və dəyər baxımından da xarici güclərdən, qlobal mərkəzlərdən azad və müstəqil olmalıdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı