Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir.
İyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum rəqəmsallaşmanın media dünyasına təsirini və süni intellektin yaratdığı yeni reallıqları müzakirə etmək məqsədi daşıyır.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb. Prezident çıxışında sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, xüsusilə süni intellektin müxtəlif sahələrdə, o cümlədən media sektorunda oynadığı artan rola diqqət çəkərək, bu tendensiyanın informasiya istehsalı və yayımı proseslərini köklü şəkildə dəyişdirdiyini bildirib. Dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. “Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”,.
Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir. Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir.
Forumun aktual mövzusu – rəqəmsallaşma, süni intellektin media məkanında yaratdığı çağırışlar və informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr dünyanın müxtəlif ölkələrindən olan media peşəkarlarının böyük marağına səbəb olub. Forum çərçivəsində qlobal media mühitində etibarlı informasiya axınının təmin olunması, dezinformasiya ilə mübarizə, redaksiya məsuliyyəti, media savadlılığının təşviqi və texnoloji transformasiyanın etik çərçivədə tənzimlənməsi kimi məsələlər geniş şəkildə gündəmə gətirilib.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru