image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1770805547_698c542ce47f0698c542ce47f11770804268698c542ce47ed698c542ce47ef

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir

image-legitimaz-810x90

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir

Cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəsi ölkənin texnoloji inkişaf strategiyasında yeni mərhələnin başlanğıcıdır. Qlobal miqyasda rəqəmsallaşma artıq seçim deyil, iqtisadi və milli təhlükəsizlik məsələsidir. Bu kontekstdə süni intellektin tətbiqi, müasir data mərkəzlərinin yaradılması və dövlət idarəçiliyində rəqəmsal transformasiya istiqamətində aparılan islahatlar Azərbaycanın gələcək inkişaf modelini formalaşdıran əsas sütunlara çevrilir.

Müşavirədə vurğulanan əsas məqamlardan biri ondan ibarətdir ki, süni intellekt texnologiyaları yalnız innovativ sektorların deyil, eyni zamanda ənənəvi sahələrin də məhsuldarlığını və səmərəliliyini artırır. Energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və təhsil kimi strateji istiqamətlərdə məlumatların təhlili və avtomatlaşdırılmış qərar mexanizmləri idarəetmənin keyfiyyətini yeni səviyyəyə yüksəldə bilər. Süni intellekt alətlərinin tətbiqi dövlət xidmətlərinin sürətini artırmaqla yanaşı, şəffaflıq və hesabatlılığı da gücləndirir. Müşavirədə cənab prezident qeyd etmişdir ki, “Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.

Data mərkəzlərinin yaradılması isə rəqəmsal suverenliyin əsas şərtlərindən biridir. Məlumatların ölkə daxilində saxlanılması və emalı kibertəhlükəsizlik risklərinin azaldılması, milli informasiya resurslarının qorunması və strateji məlumatların təhlükəsiz idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsallaşma ilə bağlı islahatlar yalnız texnoloji infrastrukturun qurulması ilə məhdudlaşmır. Hüquqi bazanın təkmilləşdirilməsi, startap ekosisteminin inkişafı, innovasiya yönümlü təhsil proqramlarının genişləndirilməsi və rəqəmsal bacarıqların artırılması bu prosesin ayrılmaz hissəsidir. Dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, açıq məlumat platformalarının yaradılması və rəqəmsal hökumət xidmətlərinin inteqrasiyası isə çevik və vətəndaş yönümlü idarəetmə modelini formalaşdırır.

Qlobal təcrübə göstərir ki, rəqəmsal transformasiyanı vaxtında və sistemli şəkildə həyata keçirən ölkələr iqtisadi artım tempini sürətləndirir, rəqabət qabiliyyətini artırır və beynəlxalq arenada mövqelərini möhkəmləndirirlər. Azərbaycanın yeni rəqəmsal arxitekturası da məhz bu strateji məqsədlərə xidmət edir. Süni intellektin geniş tətbiqi, müasir data mərkəzlərinin qurulması və kompleks rəqəmsallaşma islahatları ölkənin post-neft dövründə dayanıqlı inkişaf modelinə keçidini təmin edə bilər.

Bu istiqamətdə atılan addımlar Azərbaycanın innovasiya əsaslı iqtisadiyyata transformasiyasını sürətləndirərək, ölkəni regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirmək potensialına malikdir.

 

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki