Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupu yaradılır.
Prezident İlham Əliyevin avqustun 7-də ABŞ-a etdiyi səfər zamanı imzalanan sənədlər Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni keyfiyyət mərhələsinin başlanmasını nümayiş etdirir. Bu sırada iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu xüsusi qeyd etməliyik. Azərbaycanla ABŞ arasında qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət Anlaşma Memorandumuna əsasən Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib: «Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur». Səfər çərçivəsində Azərbaycan Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” da imzalanıb. Bu sənəd Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək və Prezident İlham Əliyevin bildirdiyi kimi əhəmiyyətli bir layihə ilə nəticələnəcək. Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin D.Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-nin Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi. Xatırladım ki, 1992-ci ilin oktyabrında erməni lobbi qruplarının təsiri altında olan konqresmenlərin təşəbbüsü ilə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin edilməsi ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etmiş və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ-nin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə və Azərbaycan bu dəstəyi verdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə ABŞ tərəfindən 907-ci düzəlişin yenidən tətbiq olunması Bayden-Blinken cütlüyünün Azərbaycana olan qərəzli münasibətin göstəricisi idi.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.