Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradır. Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Bunun üçün Prezident cənab İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyinə diqqət yetirmək kifayətdir. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Bu baxımdan Prezident cənab İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfəri mühüm məqamları ilə ölkə mətbuatında geniş müzakirə edilir. Bu səfər bir daha təsdiqlədi ki, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir.
Cənab Prezident təkbətək və geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. “Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi” söyləyən Slovakiya Prezidenti Peter Pelleqrini onu da vurğuladı ki, bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Çox minnətdaram ki, hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir. Əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Ötən il Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyən bu sənəd Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və birgə yolun çox uğurlu olacağına əminliyi ifadə edir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkənin niyyətini əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini müəyyən edir.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


























