Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir
Birləşmiş Ərəb Əmirliklərinin ali dövlət nişanələrindən sayılan, beynəlxalq aləmdə yüksək nüfuza malik Şeyx Zayed Fondunun “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması bütün qlobal siyasi arenada böyük əks-səda doğurub. Bəşəri dəyərlərin, sülhün, dözümlülüyün və humanizmin təntənəsi kimi qiymətləndirilən mükafat Azərbaycanın son illərdə yürütdüyü strateji kursun, hərbi zəfərlərin ardınca gələn diplomatik qələbələrin və cənab Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinin beynəlxalq səviyyədə təsdiqidir. Əbu-Dabidən gələn müjdə Azərbaycanın sülh diplomatiyasının qızıl dövrünün məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” na sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh, əməkdaşlıq diplomatiyasına beynəlxalq rəğbətin ifadəsi olmaqla dövlət başçımızın strateji müdriklik və liderlik məharətinin dünya miqyasında böyük etimad qazandığını göstərən mühüm amildir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Prezident İlham Əliyev deyib: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”.
Mükafatın məhz Prezident İlham Əliyevə verilməsi Azərbaycan liderinin qlobal miqyasda sülh carçısı, multikulturalizm ideyalarının hamisi və sivilizasiyalararası dialoqun aparıcı siması kimi qəbul edildiyini göstərir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət və məharətli diplomatiya onun qlobal səviyyədə nüfuzunu xeyli gücləndirməklə ölkəmizə olan etibarı və etimadı xeyli artırıb. Respublikamızın beynəlxalq siyasi, iqtisadi təşkilatlarla fəal əməkdaşlığı, dünya düzənini formalaşdıran irimiqyaslı layihələrə imza atması, Prezident İlham Əliyevin mötəbər tədbirlərə fəxri qonaq qismində dəvət alması bu hörmət və etimadın əsas göstəricilərindəndir. Dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Vətən müharibəsində qazanılan tarixi zəfərin sülh meydanında da müvəffəqiyyətlə tamamlanmasına verilən qiymətin, dəyərin ifadəsidir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru




















