image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4a8979bf9396f04850c3f9eac77859f3

Rusiya TƏLƏYƏ düşdü – Zibil qutusuna atılan “350 illik TARİX”

image-legitimaz-810x90

Bu yaxınlarda Rusiyada keçirilən rəy sorğusu prezident Vladimir Putinə ictimai etimadın guya 70%-dən yuxarı olduğunu “üzə çıxarmışdı”. Hərçənd, Ukraynaya hərbi təcavüz səbəbilə total qorxu-xof mühitinin bərqərar edildiyi, rejim tənqidçilərinə “xarici agent” damğasının vurulduğu bir cəmiyyətdə obyektiv rəy sorğusundan danışmağa dəymir.

Sözsüz ki, Putinə daha çox onun eşitmək istədiyi rəqəmlər çatdırılır, nəinki reallıqlar. Real mənzərə isə ağırdır və get-gedə bir az da dramatik şəkil almaqdadır…

Məsələn, “Kremlyovskaya Tabakerka” Teleqram kanalının Kremldəki mənbələrə istinadla yaydığı məlumata əsasən, Putin sentyabrın 1-nədək Donetskin tamamilə ələ keçirilməsi əmrini verib. Sitat: “Putin Donetsklə bağlı gecikmələrdən bezib. O, düşmən qoşunlarının payıza qədər oradan tamamilə çıxarılmasını tələb edib. Əgər bu baş verməsə, ciddi kadr dəyişiklikləri olacaq” (Axar.az).

Mənbə hesab edir ki, belə qərarlardan biri müdafiə naziri Andrey Belousovun istefası ola bilər. Çünki o, Donetskin 2027-ci ilin fevral və ya mart aylarından tez ələ keçirilməyəcəyini israr edir. Putin isə bu müddətin çox uzun olduğunu düşünür…

Yəni, heç sentyabr da Donbasın tam işğalı üçün real tarix sayılmır (Söhbət cəmi 5-6 min kv km-lik ərazidən gedir). Sentyabra isə hələ 7 ay var. Bu müddətdə Rusiyanın maliyyə-iqtisadi durumu əlbəttə ki, indikindən də ağır kökə düşəcək. Artıq ağıllı ruslar da bunu etiraf edir. Özü də ölkənin strateji gəlırləri nəinki azalır, həm də azalma tempi artmaqdadır.

Bu fonda kadr dəyişiklikləri nəyi dəyişə bilər ki? Heç nəyi. Toplananların yerini dəyişməklə cəm dəyişməz. Bütün “ciddi kadrlar” artıq sınaqdan keçib, ələnib. 4 il göstərdi ki, möcüzə-zad olmayacaq. Putinə ən pis xəbər də elə budur.

Üstəgəl, cəbhə üçün “top əti” problemi ciddiləşib. Gələn xəbərlərə görə, Moskva müharibədəki canlı itkilərin yerini doldurmaqda çətinlik çəkir. Ümumi səfərbərlik haqda qərar isə Putinin Ukraynada fiaskoya uğradığının etirafı sayılacaq – bütün mümkün siyasi nəticələri ilə birgə…

Maraqlıdır ki, Kreml bu vəziyyətdə heç olmasa, postsovet ölkələri əlaqələri dərinləşdirmək, olan-qalan dost-tərəfdaşları qorumaq əvəzinə, onlara qarşı hədə-şantaj siyasətini davam etdirir. Postsovet məkanı üçün cəlbedici və qurucu mərkəz olmaq yerinə, yenə də dağıdıcı və pozucu ünvan rolu oynayır.

Nəticə etibarilə keçmiş müttəfiqlər Rusiyadan daha da aralanaraq, özləri üçün qat-qat etibarlı təhlükəsizlik birliklərinə və ittifaqlara can atır. Qısası, əks-effekt məsələsi…

“Əlaqələrimiz və mövqelərimiz haqqında danışarkən özümüzü aldadırıq. Çünki onları qoruyub saxlaya bilmirik. Hətta Orta Asiyada və Qafqazda da öz mövqeyimizi qoruya bilməmişik. Rusiya mövqe və təsir qazanmaq üçün 350 il sərf etdi. Amma indi həmin 350 illik tarix zibil qutusuna atılıb”.

Bunu Moskvadakı Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski yerli mediaya müsahibəsində deyib.

Tanınmış iqtisadçı Aleksandra Prokopenko isə Almaniya nəşrinə müsahibəsində deyib ki, artıq Rusiya elitası daxilində Putinə alternativ axtarışına dair davamlı bir tələbat formalaşıb. Onun fikrincə, Ukraynaya müdaxilə dönüş nöqtəsi olub.

“Əgər əvvəllər idarəedici elita Putini rasional, hərçənd yaşlanan bir avtokrat qismində görürdüsə, indi bu təsəvvür dağılıb. Bir çoxları onun getməsini istəyir. Dəyişiklik tələbi təkcə müharibə əleyhdarları arasında deyil, həm də prezidenti cəbhədə “yumşaqlıqda” günahlandıran müharibə tərəfdarı olan çevrələrdə, o cümlədən hərbi bloqerlər arasında da müşahidə olunur”, – təhlilçi vurğulayıb.

Prokopenko hesab edir ki, 2023-cü ildə Yevgeni Priqojinin qiyamı gözləntilərin simvolu olub. “Bəzi məmurlar bunu qorxu ilə deyil, ümidlə qarşıladılar. Qorxu sistemin əsas amilinə çevrilib: əvvəlki xidmətlər və sədaqət artıq təhlükəsizliyə zəmanət vermir”, – analitik söyləyib.

Onun qiymətləndirməsinə əsasən, Putin təhrif olunmuş informasiya mühitində qapanıb. “Prezidentə reallıq deyil, bəzədilmiş bir mənzərə təqdim olunur. Halbuki iqtisadiyyat durğunluq yaşayır, neft gəlirləri azalır və resurslar tükənir”, – iqtisadçı əlavə edib…

Könül istər ki, Rusiya bundan da betər günə düşsün və yekunda dağılsın. Oradakı köklü türk-müsəlman xalqlar da öz azadlığına qovuşsun. Gerçək belədir ki, Putin istəmədən Rusiyanı dərin bir bataqlığa, tələyə salıb. Rusiyanın oradan indiki sərhədlərlə qurtulması çox müşkül görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki