Zirvə görüşünün qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi və mədəni potensialının reallaşdırılmasının zəruriliyini qeyd etmiş, bu birliyin sülh, sabitlik və inkişafın təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır: “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.
Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi, nəqliyyat-kommunikasiya marşrutlarının genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal transformasiya proseslərinin həyata keçirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
Prezident İlham Əliyevin çıxışında aşağıdakı istiqamətlər xüsusi vurğulanmışdır: Enerji və nəqliyyat sahəsində əməkdaşlıq: Zəngəzur dəhlizinin açılması və Transxəzər nəqliyyat dəhlizinin inkişafı Türk dünyasının iqtisadi və logistik əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İqtisadi və texnoloji tərəfdaşlıq: Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palatası kimi mexanizmlərin fəaliyyətinin gücləndirilməsi, yaşıl enerji və innovasiyalar sahəsində birgə təşəbbüslərin dəstəklənməsi vacib istiqamətlər kimi qeyd edilmişdir.
Təhlükəsizlik və müdafiə əməkdaşlığı: Prezident İlham Əliyev bölgədə sülhün və sabitliyin qorunması üçün ortaq təhlükəsizlik yanaşmalarının tətbiqinin vacibliyini diqqətə çatdırmışdır.
Humanitar və mədəni əməkdaşlıq: Gənclər siyasəti, təhsil, elm və informasiya mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının ortaq irsinin qorunması və təbliği prioritet istiqamətlər kimi göstərilmişdir.
Prezident İlham Əliyev, həmçinin qeyd etmişdir: “Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Beləliklə, Zirvə görüşünün sonunda qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir. Bəyannamədə üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya təşviqi, nəqliyyat və enerji layihələrinin birgə icrası, rəqəmsal transformasiya, eləcə də humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri təsbit olunmuşdur.
Qəbələ Bəyannaməsi Türk dünyasının vahid siyasi iradəsini, qarşılıqlı etimad və həmrəylik prinsipini təsdiq etməklə yanaşı, təşkilatın qlobal səviyyədə mühüm strateji aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Nəticə etibarı ilə, Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Zirvə bir daha təsdiq etmişdir ki, Türk birliyi regionda sülhün, sabitliyin və davamlı inkişafın mühüm təminatçısıdır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru