“Agentstvo” nəşri Dmitri Kozakın sentyabrda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verməsi ilə bağlı yeni təfərrüatları dərc edib.
Məlumata görə, istefadan az əvvəl Kozak Vladimir Putinə şəxsi məktub göndərib və Ukraynaya qarşı müharibənin başlanması qərarını sərt şəkildə tənqid edib.
”Xeberaz.info” xəbər verir ki, bu barədə keçmiş rəsmiyə yaxın dörd mənbə məlumat verib.
İki mənbəyə görə, Kozak iki sənəd hazırlayıb, istefa məktubu və işğalı sərt şəkildə tənqid edən Putinə ayrıca məktub.
Mənbələrdən birinin sözlərinə görə, Kozak mövqeyinin prezidentdə mənfi reaksiya doğurmadığına inanır və gələcəkdə Putinlə görüşəcəyinə ümid edir.
Sentyabrın 18-də vəzifədən uzaqlaşdırıldıqdan sonra Kozak tez-tez ölkədən kənara çıxmağa başlayıb, o cümlədən İsrailə səfərlər edib. Dörd mənbə bu məlumatı təsdiqləyib. Onlardan biri qeyd edib ki, səfərlər təhlükəsizlik məsələləri ilə bağlı deyil, keçmiş məmur müalicə olunur və Rusiyaya qayıdır.
“New York Times” daha əvvəl yazıb ki, Kozak Putinin yaxın çevrəsindən açıq şəkildə müharibənin başlanmasına qarşı çıxan yeganə şəxsdir. Qəzetin yazdığına görə, o, hərbi əməliyyatların dayandırılmasını və daxili islahatların, o cümlədən təhlükəsizlik xidmətləri və məhkəmə sistemində dəyişikliklərin həyata keçirilməsini təklif edib.
Qeyd edək ki, Dmitri Kozak Kirovoqrad vilayətində anadan olub, Leninqradda təhsil alıb və 1990-cı illərdən etibarən Anatoli Sobçakın komandasının tərkibində Vladimir Putinlə birlikdə çalışıb. 1999-cu ildən etibarən hökumət və Prezident Administrasiyasında müxtəlif rəhbər vəzifələr tutub.
Ukraynanın işğalından əvvəl Kozak Kremlin “LPR” və “DXR” ilə qarşılıqlı əlaqəsinə nəzarət edirdi. Təhlükəsizlik Şurasının 21 fevral 2022-ci il tarixli iclasında o, “respublikaların” tanınması məsələsi ilə bağlı çıxış edib. NYT və “Reuters”in məlumatına görə, Kozak Ukraynaya hücuma qarşı çıxıb. Daha sonra o, Ukrayna istiqamətindən uzaqlaşdırılıb və Kremlin sonradan uğursuzluğa düçar olduğu digər sahələrə yönləndirilib.
İstefa vaxtı Kozak vəzifə tutsa da, faktiki olaraq səlahiyyətləri olmayıb. Vəzifədən getdikdən sonra isə müzakirə olunan variantlara baxmayaraq, ona yeni post verilməyib.


























