ABŞ Prezidenti Donald Tramp bir daha beynəlxalq siyasətdə diqqət mərkəzinə düşdü. Bu dəfə , rusiyalı həmkarı Vladimir Putini Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa dəvət etməklə bütün dünyanın diqqətini üzərinə çəkdi.
Heç şübhəsiz ki, bu addım Moskva-Vaşinqton münasibətlərində yeni bir mərhələnin başlanmasına səbəb olacaq. Doğrudur, Kremlin sahibinin Sülh Şurasına qoşulub-qoşulmayacağı hələ məlum deyil.
Amma unutmayaq ki, Ukraynada savaş gedir, yekun sülh sazişi əldə olunmayıb, amma buna baxmayaraq, Ukraynanı kapitulyasiya sənədinə məcbur etmək hədəfindən bir addım da geri çəkilməyən bir ölkə lideri belə bir tədbirə dəvət alır, özü də dünyanın ən supergücü sayılan bir dövlətin rəhbəri tərəfindən…
Trampın bu dəvəti nüfuz və diplomatiyanın sərhədlərini birmənalı şəkildə yenidən cızır. Bu çərçivədə isə, Putinin rolu xüsusilə diqqət çəkicidir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a dedi ki, Donald Trampın Vladimir Putini Qəzza üzrə sülh planı çərçivəsində nəzərdə tutulan Sülh Şurasına dəvət etməsi, ABŞ-ın xarici siyasət kursunun kəskin şəkildə dəyişməsi deməkdir:
“Bundan öncə Alyaskada Putinlə görüş, indi də bu təklif ABŞ-nin Rusiya ilə münasibətlərdə ənənəvi siyasətinin dəyişdiyini göstərir.
Əlbəttə, bu dəvət Vladimir Putin üçün böyük bir diplomatik və siyasi uğur kimi qəbul oluna bilər. Çünki Ukraynada davam edən qanlı müharibəyə, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına və Qərbin tətbiq etdiyi görünməmiş sanksiyalara baxmayaraq, dünyanın ən güclü dövlətinin rəhbəri tərəfindən sülh masasına dəvət olunmaq Rusiya üçün olduqca önəmlidir. Bu, Putinə həm daxili auditoriya qarşısında, həm də digər müttəfiq ölkələr arasında “Qərb mənimlə hesablaşmağa məcburdur” mesajını vermək imkanı yaradır.
Faktiki olaraq, bu addım Putinin beynəlxalq legitimliyini bərpa edir və onu yenidən qlobal təhlükəsizlik arxitekturasının həlledici fiquruna çevirir. Bu addım hesab edirəm ki, beynəlxalq hüququn və ədalət prinsipinin böyük dövlətlərin maraqlarına qurban verildiyini göstərir. Dəvət onu deməyə əsas verir ki, yeni ABŞ administrasiyası üçün Ukraynadakı müharibə ikinci dərəcəli bir məsələyə çevrilir və prezident İlham Əliyevin də dediyi kimi, “güclü olan haqlıdır” prinsipi yenidən hakim mövqeyə keçdiyini sübut edir”.


























