Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizə, hüquqi dəyərlərə və milli suverenliyimizin möhkəmləndirilməsinə verilən yüksək qiymətin təzahürüdür. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya institutunun tətbiqi müasir hüquqi dövlətlərdə cəmiyyətin humanist inkişaf səviyyəsinin göstəricisi kimi qəbul olunur. Bu baxımdan cənab Prezident İlham Əliyevin təşəbbüsü yalnız hüquqi mexanizm deyil, eyni zamanda dərin mənəvi və ictimai məzmun daşıyır. Bu addım Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarına hörmətinin, cəza siyasətində islah yönümlü yanaşmanın və sosial ədalətə sadiqliyin bariz ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar paketi illərdir ki, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə, cəzaların humanistləşdirilməsinə və cəmiyyətə reinteqrasiya imkanlarının genişləndirilməsinə xidmət edir. Amnistiya təşəbbüsü də bu ardıcıl siyasətin məntiqi davamı olaraq, cəmiyyətə yenidən qazandırıla biləcək şəxslərə ikinci şans verilməsi ideyasını ön plana çıxarır. Bu isə ümumbəşəri humanizm dəyərlərinin — mərhəmət, bağışlama və sosial həmrəyliyin — real təcəssümüdür.
“Konstitusiya və Suverenlik İli” kontekstində amnistiya təşəbbüsünün xüsusi rəmzi mənası vardır. Konstitusiya insan hüquq və azadlıqlarının ali təminatçısı kimi çıxış etdiyi halda, suverenlik dövlətin müstəqil və ədalətli qərarlar qəbul etmək iradəsini ifadə edir. Cənab Prezidentin bu təşəbbüsü məhz bu iki əsas dəyərin vəhdətini göstərir: hüquqi dövlətçilik prinsiplərinə sadiqlik və milli iradəyə əsaslanan humanist idarəetmə.
Amnistiya aktları eyni zamanda ailələrin birləşməsinə, sosial gərginliyin azalmasına və ictimai sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan təşəbbüsün sosial təsiri də olduqca əhəmiyyətlidir. Dövlət və vətəndaş arasında etimadın möhkəmlənməsi, cəmiyyətin hüquqa və ədalətə inamının artması cənab Prezident İlham Əliyevin siyasətinin əsas nəticələrindəndir.
Cənab Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanı humanist və məsuliyyətli dövlət kimi təqdim edir. İnsan hüquqlarına əsaslanan bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, hüquqi və mənəvi dəyərlər üzərində qurulmuş dövlət modeli kimi tanınmasına töhfə verir.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Prezident İlham Əliyevin yalnız güclü dövlət qurucusu deyil, eyni zamanda yüksək humanist dəyərlərə sadiq lider olduğunu bir daha təsdiqləyir. Bu təşəbbüs Azərbaycan dövlətçiliyinin mənəvi əsaslarını gücləndirən, cəmiyyətin rifahına və hüquqi şüurunun inkişafına xidmət edən mühüm addım kimi tarixə düşəcəkdir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru

























