Polşa Belarusla bütün sərhəd boyu elektron maneə adlandırılan baryerin – videomüşahidə və hərəkət sensorları olan monitorinq sisteminin quraşdırılmasını başa çatdırıb.
”Xeberaz.info” xəbər verir ki, bunu ölkə mediasına Polşanın daxili işlər naziri Tomaş Siemonyak açıqlayıb: “Bir neçə gün əvvəl, iyulun 20-də Belarusla sərhədin bütün hissəsi boyunca elektron şlaqbaumun tikintisi başa çatıb – videomüşahidə kameraları və hərəkət sensorları quraşdırılıb”.
2022-ci ildə Polşa hakimiyyəti 180 km-lik hissə boyunca sərhəddə 5,5 m hündürlüyündə metal maneə quraşdırıb. Divar yuxarıdan tikanlı məftillə örtülüb. Bütün sərhəd boyu hərəkət sensorları və istənilən hava şəraitinə uyğun videokameralar olan postlar quraşdırılıb. 2024-cü ildə bu maneənin müasirləşdirilməsi, eləcə də çaylarda “elektron maneə”nin yaradılması üzrə işlərə başlanılıb.
Polşa bu addımı Rusiya və Belarusun hibrid müharibəsinə qarşı 2021-ci ildən sonra atmaq qərarına gəlib. Çünki həmin ildən başlayaraq, Belarus ərazisindən Yaxın Şərqdən olan qaçqınların Polşaya kütləvi axını başlayıb.