Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz- üzə qalmışdı
XX əsrin sonları Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Ulu öndər Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
XX əsrin sonlarında dövlətin inkişafı istiqamətdə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.. Beləliklə, bu dövrdə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Gözəl guşələrimiz Şuşa, Laçın düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Ümummilli lider Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Ümummilli lider Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gəldi.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru