Rusiyanın əksər regionlarında büdcə gəlirləri müharibədən əvvəlki səviyyədən aşağı düşüb. Bunun fonunda büdcə kəsirləri artır, səhiyyəyə ayrılan vəsait isə əksər bölgələrdə azalır.
Xeberaz.info xəbər verir ki, araşdırmaya əsasən, inflyasiya nəzərə alınmaqla, 2025-ci ilin yekunlarına görə Rusiyanın 85 regionundan 65-də büdcə gəlirləri 2021-ci ilin – yəni müharibədən əvvəlki dövrün səviyyəsindən aşağı olub.
Bununla yanaşı, 52 regionda dövlət xərcləri real ifadədə artıb. Bu isə büdcə kəsirlərinin sürətlə böyüməsinə səbəb olub.
Araşdırmaya görə, büdcə gəlirlərinin ən ciddi azalması aşağıdakı bölgələrdə qeydə alınıb:
- Kemerovo vilayəti – 39,3%
- Voloqda vilayəti – 34,5%
- İnquşetiya – 30,8%
Ən yüksək artım isə Kursk vilayətində (87,6%), Maqadan vilayətində (33,3%), Moskva vilayətində (23,2%) və Tatarıstanda (22,5%) qeydə alınıb.
Müəlliflər bildirirlər ki, Kursk vilayətində artım əsasən Ukrayna ordusunun hücumlarından sonra sərhədyanı ərazilərin bərpası və sakinlərin dəstəklənməsi üçün federal büdcədən ayrılan əlavə vəsait hesabına baş verib.
Gəlirlər niyə azalır?
Araşdırmada qeyd olunur ki, gəlirlərin azalmasının əsas səbəbləri bunlardır:
- federal dotasiyaların və digər əvəzsiz transfertlərin azalması;
- müəssisələrin mənfəət vergisi üzrə daxilolmaların kəskin enməsi.
Müəlliflərin hesablamasına görə, mənfəət vergisi üzrə daxilolmalar real ifadədə ümumilikdə 16,6 faiz azalıb.
Ən böyük geriləmə Kemerovo vilayətində (78,7%) qeydə alınıb. Belqorod, Kursk, Lipetsk, Voloqda, Murmansk və Orenburq vilayətlərində, həmçinin Kareliya və Xakasiyada da bu göstərici 60 faizdən çox aşağı düşüb.
Bunun əksinə olaraq, fiziki şəxslərin gəlir vergisi demək olar ki, bütün regionlarda artıb. Araşdırmada bunun səbəbi kimi müharibə fonunda yaranmış işçi çatışmazlığı nəticəsində əməkhaqlarının yüksəlməsi göstərilir.
Səhiyyə xərcləri azalır
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri səhiyyə xərcləri ilə bağlıdır.
Məlumata görə, 85 regiondan 76-da səhiyyəyə ayrılan vəsait real ifadədə azalıb.
Yalnız Lipetsk, Tver, Novosibirsk, Smolensk və Orlov vilayətləri, Perm və Krasnodar diyarları, Tatarıstan və Sankt-Peterburqda artım qeydə alınıb.
29 regionda isə səhiyyə xərcləri hətta inflyasiya nəzərə alınmadan belə 2021-ci il səviyyəsindən aşağı olub.
Büdcə kəsirləri artır
Araşdırmaya əsasən, 2026-cı ilin birinci rübündə Rusiyanın 56 regionu büdcəni kəsirlə icra edib. Müqayisə üçün qeyd olunur ki, ötən ilin eyni dövründə bu göstərici 46 region idi.
Müəlliflər belə nəticəyə gəlirlər ki, müharibə şəraitində artan dövlət xərclərinə baxmayaraq, regionların böyük hissəsi gəlirlərini əvvəlki səviyyəyə qaytara bilməyib və bu, yerli maliyyə sisteminə təzyiqi daha da artırır.


























