Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
O da qeyd edildi ki, bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir: “Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.”
Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Dövlət başçısı İlham Əliyevin sözügedən görüşdə diqqət göstərdiyi əsas məsələlərdən biri məhz bəzi məmurların qanunsuz hərəkətləri oldu. “Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, o adamlar haqqında ciddi ölçülər götürüləcək.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

























