Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi
Azərbaycan xalqı olaraq mayın 28-də tarixi anlar yaşadıq. Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Laçın Beynəlxalq Hava Limanının açılışı, Azərbaycan,Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü, onların Müstəqillik Gününə həsr olunmuş konsert proqramında iştirak etməsi qürurvericidir. Liderlərin səsləndirdiyi mesajlar sarsılmaz birliyimizin və həmrəyliyimizin göstəricisidir.
Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla əlaqələrin inkişafı mühüm yer tutur. Ötən dövr ərzində hər üç ölkə arasında münasibətlər davamlı olaraq güclənməkdədir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamında dəqiq ifadə olunub. Cənab Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Azərbaycan və Pakistan arasında da münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Təsadüfi deyil ki, Laçında 28 May Müstəqillik Gününə həsr olunmuş tədbirdə dostluq və qardaşlığımız “3 dövlət-1 millət” fəlsəfəsi ilə səciyyələndirilib.
44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın ölkəmizə güclü siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Cənab Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğulayıb. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
Ümumiyyətlə, Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi. Biz iftixar hissi keçiririk ki, işğaldan azad edilmiş ərazilərimiz qısa müddət ərzində dünya liderlərini qəbul edir, həmin ərazilərdə möhtəşəm tədbirlər keçirilir. Təbii ki, bu mənzərə düşmənlərimizi, bədxahlarımızı məyus edir. Liderlərin verdiyi mesajlardan onlar ciddi nəticə çıxarmalıdırlar. Çünki bu birlik dünyada yeni bir geosiyasi gücdür. Regionumuzda sülh və əməkdaşlıq deyil, gərginlik yaratmağa çalışan qüvvələr bizim birliyimiz qarşısında dayana bilməz.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan Ermənistanın hücumuna məruz qalanda Türkiyə və Pakistan bir qaya kimi ölkəmizin yanında oldu
Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin möhkəmlənməsində xalqların bir-birinə bəslədiyi dərin rəğbət, mənəvi yaxınlıq və əsl dostluq mühüm rol oynayır. Bakı, Ankara və İslamabad coğrafi baxımdan fərqli bölgələrdə yerləşsələr də, onları ortaq tarix, zəngin mədəni irs, dini dəyərlər və qardaşlıq bağları birləşdirir. Bu xalqlar bir-birinin sevincinə şərik olur, çətinliklər zamanı isə dəstək göstərirlər. Eyni dini-mədəni köklərə sahib olan dövlətlər bənzər tarixi sınaqlardan keçmişlər. Burada ilk növbədə münaqişəli ərazilər məsələsi nəzərdə tutulur. Azərbaycan uzun illər ərzində Qarabağ probleminin ağrı-acısını yaşamış, Pakistan Kəşmir məsələsi, Türkiyə isə Şimali Kipr problemi ilə qarşılaşmışdır. Bu ortaq taleyüklü məsələlər hər üç dövləti daha da yaxınlaşdıraraq aralarındakı həmrəyliyi gücləndirmişdir.
Qeyd edək ki, mayın 28-də erməni işğalından azad edilən Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Adətən, dostlar və qardaşlar əlamətdar günlərdə bir araya gəlirlər. Azərbaycanın Müstəqillik Günündə belə yüksək səviyyəli bir görüşün baş tutması həm də bütün dünyaya verilmiş strateji bir mesaj idi. Artıq beynəlxalq ictimaiyyət bu üçlü ittifaqın – Azərbaycan, Türkiyə və Pakistanın mövqelərini və maraqlarını nəzərə almadan xarici siyasət kursunu müəyyənləşdirməkdə çətinlik çəkəcək. Məsələn, Pakistana qarşı hər hansısa bir dövlət təxribat törətməyə cəhd gösətərəcəksə, Bakı və Ankara buna dərhal reaksiya verəcək. Elə bir neçə həftə öncə Hindistan bu ölkəyə hücum edərkən, Prezidentlər – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaş Pakistan xalqı ilə həmrəy olduğunu dilə gətirdilər. Həmçinin Azərbaycan Ermənistanın hücumuna məruz qalanda Şahbaz Şərifin təbirincə desək, Türkiyə və Pakistan bir qaya kimi ölkəmizin yanında oldu.
Onu da qeyd edək ki, Laçında keçirilən Zirvə görüşü sayca ikincidir. İlk belə toplantı 2024-cü il iyulun 3-də Astanada baş tutub. Ölkə Liderləri həmin görüşdə beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstəyi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Eyni zamanda, regional və qlobal məsələlərdə vahid mövqenin vacibliyi vurğulanıb. Bu görüş, üç qardaş ölkənin əməkdaşlığını yalnız siyasi səviyyədə deyil, institusional səviyyədə də möhkəmləndirmək əzmini ortaya qoyub. Azərbaycanın dost və qardaş ölkələri ilə ticarət dövriyyəsi sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ildə Azərbaycanın ixrac etdiyi məhsulların əsas istiqamətləri arasında Türkiyə 14,4 faizlə ikinci yerdə qərarlaşıb. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 6,13 milyard ABŞ dolları təşkil edib. Bunun 3,82 milyard dolları ixracın, 2,31 milyard dolları isə idxalın payına düşüb. Bu rəqəmlər Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin yüksək səviyyəsini və dayanıqlığını əks etdirir. Türkiyə şirkətləri işğalldan azad olunmuş ərazilərin dirçəlməsində xüsusi rol oynayırlar. Bundan başqa, Azərbaycan və Türkiyə regional enerji və nəqliyyat-logistika sisteminin əsas aparıcı qüvvələrinə çevriliblər. Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır, enerji təhlükəsizliyinə mühüm töhfə verilir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Orta Dəhlizin əsas sütunlarından biri olaraq Asiya ilə Avropanı quru yolla birləşdirir. Azərbaycan və Türkiyənin birgə əməkdaşlığının ən uğurlu simvollarından biri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməridir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru