Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi Azərbaycanın tarixinə ağır bir faciə olaraq yazılmışdır. Bu işğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin həyatını itirmiş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Rayonun əhalisi məcburi köçkün olaraq Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş, 56 rayonun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur.
İşğal Kəlbəcərin mədəni irsinə və infrastrukturuna böyük zərbə vurmuşdur. Rayonun onlarla tarixi və mədəniyyət abidəsi dağıdılmış, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya və 9 aptek talan edilmişdir. Bundan başqa, minlərlə inzibati bina və yaşayış evi dağıdılmış, rayonun iqtisadi sərvətləri məqsədli şəkildə Ermənistana daşınmışdır.
İşğal dövründə Kəlbəcərin zəngin təbii sərvətləri də istismar edilmişdir. Qızıl yataqları, mineral su mənbələri və digər resurslar Ermənistan tərəfindən talan edilmiş, rayonun iqtisadi potensialına böyük zərər vurulmuşdur.
Ölkə Prezidenti də kəlbəcərlilərlə görüşündə bu məsələyə xüsusi yer ayırıb. Bildirib ki, “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı”. Prezident əlavə edib ki, Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdıvə beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır: “Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir”.
Lakin 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi zəfər nəticəsində Kəlbəcər azad edilmiş və yenidənqurma işlərinə başlanılmışdır. Bu gün rayonun əvvəlki gözəlliyinə qovuşması üçün addımlar atılır və əhali doğma yurduna qayıdır.
Kəlbəcərin işğalı bir daha göstərdi ki, ədalət və beynəlxalq hüquq prinsiplərinin pozulması yalnız faciələrə yol açır. Bu tarixi hadisə gələcək nəsillərə sülhün və ədalətin qorunmasının əhəmiyyətini xatırladır.
Bu günlərdə doğrudan da tarixi hadisələrə şahidlik edirik. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, həmçinin bölgədə sülh gündəliyinin müəllifi kimi çıxış edir və bu gündəliyə dünya güclərinin imza atmasına nail olur. Ölkənin artan nüfuzu “Böyük qayıdış”la yanaşı “Böyük sülh”ü də sürətlə yaxınlaşdırır.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva