Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ və Dəlidağdır. Ərazinin çox hissəsi meşəlikdir. Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən biri hesab olunur. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır ki, bu təbii sərvətlər də, 30 ilə yaxın bir müddət ərzində erməni quldurları tərəfindən talan edilmişdir. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev rəhbərlik etdiyi rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etdi, Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. Təbii ki, Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabr ayının 10-da imzaladığı Üçtərəfli Bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytarıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verildi. Kəlbəcər rayonu da, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq, bir güllə atılmadan azad edildi .Beləliklə, 27 illik işğaldan sonra, Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.
Prezident cənab İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri böyük təntəntənə ilə qeyd edilir. İşğaldan azad edilmiş ərazilərimizin sakinləri doğma ata-baba yurdlarında onlarla görüşə gələn dövlətimizin başçısını və Birinci xanımı səbrsizlikə gözləyirlərmiş kimi böyük sevinclə qarşılayırlar. Çünki dövlətimizin başçısının hər səfəri yeni obyeklərin və yaşayış komplekslərinin açılış mərasimləri, yenilərinin isə təməlinin qoyulması mərasimləri ilə yadda qalır. Cənab Prezidentin son 4 ildə Kəlbəcərə yeddinci səfəri də belə yadda qaldı. Prezident və Birinci vitse-prezidentin Kəlbəcərə növbəti səfəri tarixi gün kimi yaddaşlara həkk olunacaq. Çünki respublikamızın böyük rayonlarından olan Kəlbəcər və onun şəhəri gündən-günə canlanır, beynəlxalq turizm mərkəzinə çevrilir. Otuz iki il çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda məskunlaşmış kəlbəcərlilər artıq öz ata-baba yurdlarına qayıdır və burada rahat yaşayırlar.
Prezident cənab İlham Əliyevin kəlbəcərlilərlə görüşündə çıxışı zamanı bəzi məqamlara toxunaraq bildirib ki, dövlətimizin başçısı keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarında hər cür şəraiti olan mənzillərdə rahat və təhlükəsiz yaşamaları münasibətilə təbrik edib və əminliklə deyib ki, onlar bundan sonra da öz yurd-yuvalarında rahat yaşayacaqlar: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz”.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova