image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-3d756b95f9777b864424d8130dc088f1

Kadırov dializdə, varislər səhnədə: Çeçenistanda gizli tranzit başladı

image-legitimaz-810x90

Çeçenistan rəhbəri Ramzan Kadırovun sağlamlığı ilə bağlı yayılan məlumatlar, həmçinin oğlu Adam Kadırovun iştirakı ilə baş verən avtomobil qəzası respublikada hakimiyyət tranziti mövzusunu yenidən gündəmə gətirib.

Xeberaz.info xarici agentliklərə istinadla xəbər verir ki, “Novaya qazeta Evropa”nın baş redaktoru Kirill Martınovun sözlərinə görə, həm Kreml, həm də Kadırov klanı mümkün dəyişikliklərə artıq müəyyən hazırlıqlar aparır.

Qəzetin məlumatlarına əsasən, Ramzan Kadırovun sağlamlıq problemləri birinci dəfə deyil səsləndirilir. Daha 2024-cü ildə onun mədəaltı vəzidə nekroz diaqnozu aldığı bildirilirdi. Sonradan ortaya çıxan böyrək çatışmazlığı isə ayrı bir xəstəlik deyil, həmin prosesin ağırlaşması kimi dəyərləndirilir. Mənbələrə görə, Kadırov uzun müddətdir ki, dializdədir və böyrəklər öz funksiyasını müstəqil şəkildə yerinə yetirmir.

Bu fonda sosial şəbəkələrdə Kadırovun “aktiv və sağlam” obrazını canlandıran videoların artması diqqət çəkir. Süjetlərdə o, avtomobil idarə edir, gəzinti edir və müxtəlif səfərlərdən görüntülər paylaşır. Lakin bu kadrlarda həm gərginlik, həm də emosional qeyri-təbilik müşahidə olunur. Martınovun fikrincə, bu görüntülər Kremlin və ictimaiyyətin qarşısında xəstəlik təəssüratını minimuma endirmək üçün hazırlanmış kommunikasiya strategiyasının tərkib hissəsidir.

Bundan başqa, klanın öz daxilində tranzit mexanizmlərinin işə salındığı bildirilib. Son aylarda Kadırovun ailə üzvlərinin siyasi mövqeləri gücləndirilir, rəsmi təyinatlar artır və mülkiyyət payları yaxın qohumlara keçirilir. Proses təkcə media səviyyəsində deyil, həm də hüquqi müstəvidə aparılır ki, bu da hakimiyyətin ailə daxilində qorunmasına hesablanıb.

Potensial varislər arasında iki fiqur ön plana çıxır: 18 yaşlı Adəm və daha iri siyasi çəkisi olan böyük oğul Əhməd. Ailə içində Əhmədin formal idarəçi, Adəmin isə daha “ənənəvi varis” kimi yetişdirilməsi ehtimalı müzakirə olunur. Beləliklə, tranzitin tandem modelinə uyğun qurulacağı, gənc yaş amili səbəbilə bir müddət “regentlik” mərhələsinin qaçılmaz olacağı hesab edilir.

Moskvanın isə bu prosesdən istifadə edib respublikaya “öz adamını” gətirməsi ehtimalı nəzəri cəhətdən mövcuddur. Lakin Martınovun qənaətinə görə, praktiki şanslar məhduddur. Çünki Çeçenistan siyasi sistemi elə formalaşdırılıb ki, regionda alternativ təsir mərkəzləri demək olar ki, qalmayıb. Ailə klanı təhlükəsizlik strukturlarını tam nəzarətdə saxlayır və yerli elita bu sistemə inteqrasiya edilib. Moskva siloviklərinin bir hissəsi hələ də regionu mərkəzin sərt nəzarətinə qaytarmaq niyyətini gizlətmir, hətta bunu simvolik revanş kimi görür. Bununla belə, hazırkı şəraitdə belə bir ssenarinin reallaşması aşağı ehtimallı sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki