İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci ildə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirildi. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək. Dövlət başçısı cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək. Oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Görüşdəki çıxışında «Bu gün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür, biz İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat vermişdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Şadam ki, cənab Prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib. Biz səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir» söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir.Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar.
Rayon Ağsaqqallar Şurasının üzvü- Babək Əliyev.