İşğaldan azad olunmuş əraziyə ilk səfər
Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. İşğaldan azad olunan ilk ərazilərə – Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir.
Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident İlham Əliyev rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi. Belə ki, həmin gün Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu.
Ölkə rəhbəri eyni zamanda 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyası, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Daha sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident çıxışında qeyd etdi ki, oktyabrın 4-ü tariximizdə əbədi qalacaq, çünki həmin gün Cəbrayıl şəhəri işğalçılardan azad edilib və bu qələbənin çox böyük mənası var: “Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi”.
Cəbrayıl əməliyyatının əhəmiyyətindən söz açan dövlət başçısı dedi ki, Cəbrayıl azad olunandan sonra işğal altında olan digər rayonlara uğurlu addımlarımız mümkün olub. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edilib. Beləliklə, Azərbaycan Ordusu Laçın dəhlizini tam nəzarətə götürə bilib.
Prezident həmçinin Aprel döyüşlərini xatırladaraq qeyd edib ki, Cəbrayılın azad olunması beş il bundan əvvəl başlayıb: “Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru