image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-45d79df1b4877b2d719f72bd57173871

İrana hərbi müdaxilə olarsa… MÜHÜM AÇIQLAMA

image-legitimaz-810x90

İranın xarici işlər naziri Abbas Əraqçi xarici ölkə səfirləri ilə görüşündə deyib ki, ölkədə vəziyyət nəzarətə götürülüb.

BMT-nin baş katibi Antonio Quterreş isə İran hakimiyyətini maksimum təmkinlilik göstərməyə və zərurətdən artıq güc tətbiqindən çəkinməyə çağırıb.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, qurum İranda baş verən nümayişlər və zorakılıq hadisələrini yaxından izləyir və itkilərdən ciddi narahatdır.

“Eyni zamanda ölkədə informasiya əldə etmə imkanlarının təmin olunması, o cümlədən rabitə bağlantılarının bərpası vacibdir”, – deyə sözçü əlavə edib.

O bildirib ki, BMT-nin ölkədəki əməkdaşları hazırda təhlükəsiz şəraitdədir, bütün əlaqələr mümkün qədər saxlanılır. Təşkilat prosesləri izləməyə davam edir və İran vətəndaşlarının hüquqlarının qorunmasına yönəlmiş addımların atılmasını tələb edir.

ABŞ Dövlət Departamentinin məlumatında isə bildirilib ki, İranda etiraz aksiyaları genişlənməkdə davam edir, ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilir.

Bəyanatda qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində yollar bağlanır, ictimai nəqliyyatın fəaliyyəti pozulub, internetə çıxışda genişmiqyaslı məhdudiyyətlər tətbiq olunur. Aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmaqda və ya tamamilə ləğv etməkdə davam edir. Bir sıra aviaşirkətlər uçuşları yanvarın 16-dək dayandırıb.

Dövlət Departamenti İranda olan ABŞ vətəndaşlarını internet kəsintilərinin davam edəcəyinə hazır olmağa, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmağa çağırıb. Təhlükəsizlik şəraiti imkan verdiyi halda, İranı quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində tərk etmək tövsiyə olunur.

AYDİN SON.jpg (54 KB)

O ki qaldı BMT TŞ-nin İrana görə toplanması ilə bağlı ehtimallara, Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, orada milyonlarla azərbaycanlının yaşadığı nəzərə alınarsa, hərbi müdaxilənin edilməsi arzuolunmazdır:

“İranda baş verən hadisələr bu gün dünya ictimaiyyətinin diqqətindədir və vaxtaşırı oradan müxtəlif, o cümlədən çox təəssüf ki, insan itkisi ilə bağlı kədərləndirici xəbərlər alırıq. Baş verən hadisələr İranın daxili işidir və İran cəmiyyətinin bu problemi həll edəcəyinə inanıram.

İstəməzdim ki, İrana qarşı hərbi müdaxilələr olsun. Qonşu dövlətdir, orada əhalinin 40 milyona yaxını azərbaycanlılardır. Azərbaycanlılar təkcə İranın şimalında deyil, eyni zamanda bir çox bölgəsində, o cümlədən Tehranda icma şəkildə yaşayırlar. Çox istərdim ki, hərbi müdaxilə olmasın. Bu, insan itkisidir. Bu, qonşu dövlətin problemlərinin daha da çoxalması deməkdir.

Azərbaycan vətəndaşı kimi çox istərdim ki, orada problemlər dinc yolla həll olunsun. Biz dinc, inkişaf edən, dünya birliyində öz yerini tapan İran görməkdə maraqlıyıq. Bir sözlə, hadisələr cərəyan edir, necə bitəcəyi isə İranın özündən asılıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki