İkinci Qarabağ müharibəsi BMT-nin Nizamnaməsi əsasında aparıldı
Qarabağ münaqişəsi Azərbaycanın son əsrdə yaşadığı çətin, ağrılı problem idi. Erməni qəsbkarları qanunsuz şəkildə, heç bir hüquqi əsas göstərmədən torpaqlarımızı işğal etmişdilər. Azərbaycan xalqı heç bir zaman erməni qəsbkarlarının zorla torpaqlarımızı işğal etməsi ilə barışmamışdır. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi.
Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz tarixi torpaqlarında qələbə qazandı
Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də, bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin, müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. 2020-ci il noyabr ayının 8-i isə, tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi.
İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.
İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan sülh danışıqlarının təşəbbüskarı kimi çıxış etdi. Azərbaycan Avropanın bəzi ermənipərəst qüvvələrini bir daha obyektivliyə, reallıqların qiymətləndirilməsində dürüst olmağa dəvət etdi. Həmçinin qeyd olundu ki, Ermənistan bu gün Azərbaycanın müəllifi olduğu Sülh sazişinin mətnini artıq qəbul edib və hazırda müqavilənin imzalanması üçün qarşı tərəfin daha iki şərtlə razılaşması tələb olunur. Bunlardan biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddənin çıxarılması ilə, digəri isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır. Təbii ki, bu iki tələbin hər biri məntiqə və beynəlxalq hüquq normalarına uyğundur.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Energetika sahəsində uğurlu əməkdaşlıq
Ölkəmiz Sovet İttifaqının tərkibindən çıxaraq öz müstəqilliyini bəyan etdikdən 1 il sonra Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr yarandı. Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdır. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayında qurulmuşdur. Həmin tarixdən keçən illər ərzində Azərbaycan-Macarıtan münasibətləri uğurla inkişaf edərək, bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin may ayının 20-də Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla keçirdiyi görüşlərin də nəticələri bir daha göstərdi ki, ölkələrimiz arasında hər hansı qlobal məsələyə yanaşma tərzi ilə bağlı prinsipial fərqliliklər yoxdur. Məhz bu amil Azərbaycan-Macarıstan əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün əlverişli zəmin yaranmasına səbəb olmuş əsas göstəricilərdən biridir.
Bu gün Macarıstanla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Macarıstan şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda təmsil olunmaları da bunu təsdiq edir. Həmçinin Macarıstan öz növbəsində Azərbaycanı bütün beynəlxalq platformalarda və xüsusilə də Avropa İttifaqında daim fəal şəkildə dəstəkləyir. Azərbaycan Macarıstan əlaqələri bütün sahələr üzrə inkişaf edir, xüsusilə də energetika sahəsi üzrə.
Energetika sahəsində uğurlu əməkdaşlığımızdan bəhs edən dövlətimizin başçısı bildirib ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır: Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Ölkəmizin qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqlarının istismara verilməsi labüd məsələlərdən biridir. Artıq Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Qaz ixracının coğrafiyasına baxıldıqda oradan görünür ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Macarıstanla yaşıl enerji üzrə fəal işlənilir. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal olunacaq. Son iki il ərzində 500 meqavat yaradıldı, 6 min meqavatın isə beş il ərzində təmin edilməsi nəzərdə tutulmuş məsələlərdəndir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru