“DogruXeber.az” bildirir ki, professor Aydın Əsgərov bu sahədə uzunillik elmi və pedaqoji fəaliyyəti ilə tanınır və respublikada ali bitkilərin sistematikası üzrə aparıcı mütəxəssislərdən biri hesab olunur. Onun rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar Azərbaycan florasının zənginliyinin, biocoğrafi müxtəlifliyinin və endemik növlərinin elmi əsaslarla öyrənilməsinə mühüm töhfələr verməkdədir. Professor Əsgərovun çoxillik təcrübəsi, dərin nəzəri bilikləri və sahəyə dair fundamental yanaşmaları sayəsində ekspedisiyalar elmi baxımdan yüksək səviyyədə təşkil olunur və sistematik botanika sahəsində strateji əhəmiyyət daşıyan məlumatlar toplanır.
Hazırda aparılan ekspedisiyada bölgənin fitosenotik quruluşu, endemik və nadir bitki növlərinin yayılma arealları, həmçinin onların biomüxtəliflikdəki rolu təhlil olunur. Toplanmış nümunələr sonrakı mərhələdə herbarizasiya edilərək Botanika İnstitutunun elmi fonduna daxil ediləcək və gələcək elmi tədqiqatlar üçün etibarlı baza materialı kimi istifadə ediləcək.
Qeyd edək ki, bu cür tədqiqatlar təkcə botanika elminin inkişafına deyil, həm də ölkənin təbii irsinin qorunması, nadir bitki növlərinin sistemləşdirilməsi və bioloji müxtəlifliyin saxlanılması baxımından xüsusi önəm daşıyır. Ən əsası isə, professor Aydın Əsgərov kimi alimlərin rəhbərliyi ilə həyata keçirilən belə ekspedisiyalar bir daha sübut edir ki, Azərbaycan florası zəngin, nadir və elm üçün daim yeni imkanlar açan sərvətdir.